Ötən il dünyada rekord sayda jurnalist öldürülüb və İsrail bu ölümlərin təxminən 70%-nə görə məsuliyyət daşıyır.
Bakıvaxtı.az axar.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı Jurnalistləri Müdafiə Komitəsi (CPJ) yayıb.
Komitənin açıqlamasında qeyd edilir ki, 2024-cü ildə 18 ölkədə ən azı 124 jurnalist həlak olub. Təkcə İsrailin Qəzzada apardığı müharibə nəticəsində 85 jurnalist öldürülüb.
Komitə İsraili bu insidentlərin araşdırılmasına mane olmaqda, məsuliyyəti jurnalistlərin üzərinə atmaqda və qətllərə görə cavabdeh şəxsləri cəzalandırmaq öhdəliyini yerinə yetirməməkdə ittiham edib.
Qurumun məlumatında vurğulanır ki, 2024-cü ildə öldürülən jurnalistlərin və media işçilərinin sayı son illərlə müqayisədə kəskin artıb: 2023-cü ildə 102, 2022-ci ildə isə 69 nəfər öldürülüb. Əvvəlki rekord göstərici 2007-ci ildə qeydə alınıb – həmin il 113 jurnalist öldürülüb, onların təxminən yarısı İraq müharibəsi zamanı həlak olub.