Son illər Bakıda piyada keçidlərinin sayı artsa da, piyadalar çox vaxt o keçidlərdən istifadə etmirlər. Bu isə bəzən ağlr nəticələnən qəzalara səbəb olur. Ümumiyyətlə, piyadaların “piyada keçidi problemi” nədən qaynaqlanır? Niyə piyada keçidlərindən istifadəyə o qədər də önəm vermirik?
Nəqliyyat eksperti Eldəniz Cəfərov Bakıvaxtı.az-a bildirib ki, bu gün Bakı şəhərində piyadaların sərbəst hərəkətinə şərait yaradılmır: “Əksinə onların hərəkəti məhdudlaşdırılır. Bu gün, hətta piyada səkisi, avtomobil yolu üzərində, yolun ortasında istənilən biznesmen istədiyi binanı rahatlıqla tikə bilir. Yəni istədiyini edə, piyada səkisini dağıda, orda obyekt tikə bilir. Bu cəhətdən bizim piyadalarımızın bəxti gətirməyib”.
Onun sözlərinə görə, daha sonra piyadayönümlülüyü təbliğ etmək əvəzinə əks təbliğat gedir: “Bu işdə cavabdeh qurumlar piyadayönümlülüyü təbliğ etmək əvəzinə piyadaları aşağılayan, sürücülərə üstünlük verən çarxlar çəkib yayırlar. Belə videoçarxın biri də “Piyada keçidi podium deyil” adlı utancverici, biabırçı bir videodur. Mən bilmirəm ki, bu çarxın təklifini verən, ideyasını düşünən, sifariş edən yayanda nə haqda düşünüb. Təbii ki, belə videoçarxlar piyadayönümlülüyə böyük zərbə vurur”.
Ekspert əlavə edib ki, Bakıda bu gün piyada səkiləri dağıdılıb üzərində “velosiped yolları” çəkilir: “Bu da biabırçılıqdır. Burada həm velosipedin nəqliyyat vasitəsi kimi qarşısı alınır ki, bu populyarlaşmasına, həm də piyadaların sərbəst hərəkətinə böyük zərbə vurur”.
Müsahibimizin dediyinə görə, bu gün hər yerdə piyadayönümlülük haqqında məlumatlar səsləndirilir: “Bu, dildədir, əməllərdə isə görürük ki, hər şey fərqlidir. Dillərdə Bakı şəhərini piyadayönümlü etməyi təklif edənlər, piyadaların hərəkətinə maneə olan bir çox hərəkəti həyata keçirirlər”.
E.Cəfərova görə, yeraltı, yerüstü və asma piyada keçidlərinin də problemləri var. O bildirib ki, vətəndaşlar, xüsusilə də əlliliyi olan şəxslər yeraltı keçidləri istifadə etməkdə çətinlik çəkir: “Yeraltı piyada keçidlərində alış-veriş mərkəzlərinin təşkil olunması vətəndaşların buradan hərəkət etməsinin qarşısını alır, məhdudiyyət yaradır. Yerüstü piyada keçidlərinin yanında xüsusi xəbərdaredici nişan olmalı, yerdə zolaq çəkilməlidir. Həmin o zolağın yanında 5.16.1 nişanı quraşdırılmalıdır. Bu məlumatverici nişandır ki, bura piyada keçididir. Lakin o piyada keçidinə 100-150 metr qalmış bir dənə də xəbərdaredici nişan quraşdırılmalıdır ki, qarşıda piyada keçidi var. Bu, 1.20 nömrəli nişandır. Amma biz bu gün faktiki olaraq görürük ki, piyada keçidlərinin yanında olan məlumatverici nişanlardan savayı xəbərdaredici nişanlar yoxdur. Ona görə də, şəhər içində saatda 40-50-60 kilometr sürətlə hərəkət edən avtomobil qəfl gəlib həmin piyada keçidində dayanmağa məcbur olur, bu zaman da qəzalar baş verir. Belə olduqda avtomobil dayanmaya, sürüşə bilər”.
Cəfərov vurğulayıb ki, burada 3-cü istiqamət yerüstü asma piyada keçidləridir ki, onların da tikintisi həyata keçirilir: “Lakin həmin asma piyada keçidinə qalxmaq da, düşmək də çox problematikdir. Burada yenə də yaşlı, əlilliyi olan insanların hərəkət etməsi problemdir. Yəni, Bakı şəhərində piyada keçidləri ilə bağlı böyük bir problem var. Piyadaların hərəkətini düşünən, onların hərəkətlərini sərbəstləşdirən hər hansı əməli işlər aparılmır”.
Aytac Aslan
















