İran prezidenti Məsud Pezeşkianın Ermənistana səfəri gözlənilir.
Bakıvaxtı.az xatırladır ki, ötən gün İran prezidenti Məsud Pezeşkian və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon söhbəti olub. Telefon danışığında regionda və beynəlxalq aləmdə baş verən hadisələrə, xüsusilə də 12 günlük müharibə, eləcə də digır məsələlər müzakirə olunub.
Pezeşkian deyib ki, İran öz prinsipial siyasətinə əsaslanaraq sülh və təhlükəsizliyin möhkəmlənməsinə səbəb olan istənilən hərəkəti həmişə dəstəkləyib. O əlavə edib ki, Tehranın siyasəti bütün ölkələrin ərazi bütövlüyünün qorunması fonunda bütün qonşu ölkələrlə konstruktiv qarşılıqlı fəaliyyətdir:
"Biz iki ölkə arasında qarşılıqlı əlaqələrin gücləndirilməsini, birgə əməkdaşlığı və əlaqələrin gələcəyini planlaşdırmağı vurğulayırıq".
Ermənistanın baş naziri Nikol Paşinyan da ölkəsinin İranla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb:
"Biz səbirsizliklə Ermənistana səfərinizi gözləyir və iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı əlaqələrin gücləndirilməsini müzakirə edə bilərik".
Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Ermənistanla İran arasında münasibətlər hər iki tərəf üçün ənənəvi xarakter daşıyır.
Siyasi şərhçi vurğulayıb ki, ancaq indi regionda və dünyada geosiyasi vəziyyət dəyişib:
"İran prezidenti Pezeşkianın Ermənistana baş tutacaq səfərində yeni regional münasibətlər sistemi mütləq təzahürünü tapacaq. İran-Azərbaycan münasibətləri önəmli faktor kimi çıxış edə bilər. Çünki Pezeşkian qısa müddət ərzində iki dəfə Azərbaycana səfər edib. Çox güman ki, İran prezidenti indiki məqamda Azərbaycanla münasibətləri gərginləşdirmək istəmədiyi üçün İrəvanda hər hansı ziddiyyətli fikirlər söyləməyəcək. Baxmayaraq ki, İranın Ermənistandakı səfiri ara-sıra ziddiyyətli bəyanatlar səsləndirir. Hətta Azərbaycanın mövqeyinə ziddi açıqlamalar verir. Amma güman etmək olar ki, yaranmış vəziyyətdə Pezeşkian buna getməyəcək. İran prezidenti mövcud reallığı olduğu kimi Paşinyana da izah etməyə çalışacaq. Mövcud reallıqlar İran rəhbərliyini də regional sülh və sabitlikdə maraqlı olmağa, bu prosesi dəstəkləməyə sövq edir".
İlqar Vəlizadə: Xarici təsirlərin Tehrana qarşı yönəlməməsi üçün İrəvanla dialoq İrana lazımdır
İ.Vəlizadə əlavə edib ki, İranın Ermənistanla bağlı öz maraqları var. Onun sözlərinə görə, bu maraqlar ondan ibarətdir ki, İran regionda öz fəallığını daha çox Ermənistan vasitəsi ilə etməyə cəhd göstərirdi. İndi də buna can atır. Çünki Ermənistanda hazırda xarici təsirlər çox böyükdür:
“Xarici təsirlərin Tehrana qarşı yönəlməməsi üçün İrəvanla dialoq İrana lazımdır. ABŞ və Avropa ölkələrinin İranda mövcudluğunun artması İranı narahat edən ciddi məqamdır. Yəqin ki, bu məsələdə ortaq məxrəcə gəlməyə çalışacaqlar".
Aydın Baxış