• Bakı 24° C

    3.86 m/s

  • USD - 1.7

    EUR - 1.9694

    RUB - 2.1115

Kəlbəcər sakinlərinin böyük qayıdışı: 21 avqust tarixə düşdü

SİYASƏT

22 Avqust 2025 | 17:00

Kəlbəcər sakinlərinin böyük qayıdışı: 21 avqust tarixə düşdü

Azərbaycan tarixinin ən yadda qalan günlərindən biri olan 21 avqust artıq Kəlbəcər sakinlərinin həyatına yeni bir başlanğıc kimi daxil olub. 32 il işğal altında qalan, illərlə doğma yurd həsrəti ilə yaşayan kəlbəcərlilər bu gün öz evlərinə, torpaqlarına qayıtmaq sevincini yaşayırlar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri, sosial obyektlərin açılışı, yeni yaşayış kompleksində sakinlərlə görüşü Böyük Qayıdış Proqramının ən mühüm mərhələlərindən biri oldu. Dövlət başçısının çıxışında səsləndirdiyi fikirlər isə təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycanın son otuz ildə keçdiyi tarixi yolun, 44 günlük Vətən müharibəsinin möhtəşəm Zəfərinin və müharibədən sonrakı reallıqların dolğun ifadəsinə çevrildi.

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Bakıvaxtı.az-a bu hadisəni şərh edərək vurğulayıb ki, 21 avqust tarixi həm dövlətimizin siyasi iradəsinin, həm də xalqımızın mübarizə əzminin təntənəsi kimi yadda qalacaq.

"Prezident İlham Əliyevin 25 noyabr 2020-ci ildə xalqa müraciətində verdiyi vədlərin gerçəkləşdiyini xatırladan deputat qeyd edib ki, dövlət başçısı işğaldan azad olunan ərazilərə səfərləri zamanı təməlqoyma və açılış mərasimlərində iştirak etməklə Böyük Qayıdışın əsasını qoydu, sakinlərin qayıdışını sürətləndirdi. Prezident və birinci xanım Mehriban Əliyevanın Kəlbəcərə səfəri, sosial obyektlərin açılışı, ilk yaşayış kompleksində sakinlərlə görüşü tarixi hadisə oldu. Dövlət başçısının çıxışında vurğuladığı kimi, Azərbaycan xalqı 32 ildən sonra doğma yurduna qayıtdı, ədalət və haqq bərpa olundu, Kəlbəcər dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir".

Vüqar Rəhimzadə: Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa və ədalətə söykənib

Millət vəkili qeyd edib ki, Kəlbəcərin işğalı 1993-cü ildə o vaxtkı hakimiyyətin səriştəsizliyi nəticəsində baş vermişdi. Sonrakı illərdə Ermənistan bir qarış torpaq qaytarmaq istəmirdi, danışıqlarda yalnız görüntü yaradırdı. Minsk qrupunun həmsədrləri də münaqişənin həllinə yox, onun dondurulmasına çalışırdılar. Ermənistan havadarlarının silah və dəstəyi ilə işğalı davam etdirirdi. Azərbaycan isə güclü iqtisadiyyat, ordu quruculuğu, beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi ilə 44 günlük Vətən müharibəsində tarixi Zəfərə nail oldu, 2023-cü ilin sentyabrında isə suverenliyini tam bərpa etdi:

"Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquqa və ədalətə söykənib. Müharibə yalnız öz torpaqlarında aparılıb, etnik təmizləmə və işğal olmayıb. Prezidentin ABŞ-a səfəri və Ağ Evdə imzalanan sənədlər də Azərbaycanın beynəlxalq nüfuzunun təsdiqidir".

Rəhimzadə bildirib ki, dövlət başçısının Kəlbəcər sakinləri ilə görüşündə səsləndirdiyi çağırışlar xüsusi əhəmiyyət daşıyır: xalqımız düşmənin törətdiyi cinayətləri heç vaxt unutmamalı, eyni zamanda sülhə doğru addımları davam etdirməlidir. 

Əli Hüseynov


SON XƏBƏRLƏR