Vladimir Putinin Azərbaycana səfəri Rusiya və Azərbaycan arasındakı münasibətlərin güclənməsi və Cənubi Qafqaz regionunda mövcud geosiyasi vəziyyətlə bağlı strateji qərarların müzakirəsi baxımından əhəmiyyətli bir hadisədir. Bu səfər iki ölkə arasında mövcud olan iqtisadi, siyasi və hərbi əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin beynəlxalq arenada dəyişən güc balansları fonunda tərəfdaşlığın yenidən nəzərdən keçirilməsi məqsədi daşıyır.
Bakıvaxtı.az baş tutacaq görüşlərin fonunda bir neçə suala cavab axtarmağa çalışıb.
Politoloq Kazım Kazımov mövzu barədə açıqlamasında bildirib ki, Vladimir Putinin Azərbaycana səfəri, Cənubi Qafqazda regional sabitliyin təmin edilməsi baxımından xüsusi əhəmiyyət daşıyır:
"Ermənistan-Azərbaycan münaqişəsinin 2020-ci ildə sona çatmasından sonra Rusiya regionda sülh prosesinin əsas qarantlarından biri kimi çıxış edir. Bu baxımdan Putinin səfəri Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması və üçtərəfli sülh sazişlərinin həyata keçirilməsinin müzakirəsi üçün vacib bir fürsətdir. Moskva Bakı və Yerevan arasında balansı qoruyaraq, regionda Rusiya təsirini gücləndirməyə çalışır. Səfər həmçinin Ermənistanın qərbə inteqrasiya cəhdlərinə cavab olaraq Azərbaycanın strateji əhəmiyyətini vurğulamaq məqsədi daşıya bilər".
Müsahibimiz Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlığın hər iki ölkə üçün prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Onun sözlərinə görə, xüsusilə, enerji sektoru bu əlaqələrin əsasını təşkil edir. Politoloq bildirib ki, Azərbaycan öz zəngin neft və qaz ehtiyatları ilə Avropanın enerji təhlükəsizliyində vacib rol oynayır. Rusiya Avropaya qaz tədarükündə əsas fiqur olmasına baxmayaraq, Azərbaycanla rəqabətdən çox əməkdaşlıq əlaqələrini gücləndirməyə çalışır:
“Vladimir Putinin bu səfəri iki ölkə arasında enerji resurslarının çıxarılması, emalı və daşınması sahəsində mövcud layihələrin icrası və gələcək potensial əməkdaşlıq sahələrinin müzakirəsi üçün mühüm bir fürsətdir. Xüsusilə, Şimal-Cənub nəqliyyat dəhlizi kimi böyük infrastruktur layihələrinin perspektivləri də müzakirə mövzusu ola bilər".

Kazım Kazımov: Moskva Bakı ilə münasibətlərini möhkəmləndirmək niyyətindədir
Kazımov hesab edir ki, Putinin Azərbaycana səfəri eyni zamanda Qərbə qarşı güc nümayişi kimi də qiymətləndirilə bilər:
"Rusiya Qərbin Cənubi Qafqazda təsir dairəsini genişləndirmək cəhdlərinə cavab olaraq, regionda öz mövqelərini gücləndirməyə çalışır. Azərbaycan öz növbəsində balanslı xarici siyasət yürüdərək, həm Rusiya, həm də Qərblə münasibətlərini tarazlı şəkildə idarə edir. Putinin bu səfəri Moskvanın Bakı ilə münasibətlərini daha da möhkəmləndirərək, Qərbin Cənubi Qafqazda mövqelərini zəiflətməyə yönəlmiş bir addım kimi də qiymətləndirilə bilər".
Humanitar məsələlərlə bağlı münasibətlərdə Rusiya-Azərbaycan tərəfdaşlığı mövzusuna toxunan politoloq bu görüşü həm də bir platforma adlandırıb:
"Rusiya və Azərbaycan arasında yalnız iqtisadi və siyasi deyil, həm də humanitar və mədəni sahədə də sıx əməkdaşlıq mövcuddur. Vladimir Putinin bu səfəri iki ölkə arasında təhsil, mədəniyyət və elmi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi üçün bir platforma ola bilər. Bu baxımdan rus dilinin Azərbaycanda mövqeyinin gücləndirilməsi, birgə mədəni layihələrin həyata keçirilməsi və təhsil sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi məsələlər müzakirə oluna bilər".
Naxçıvanla sərhəddə baş verən hadisələrin Putinin səfəri ilə eyni vaxta təsadüf etməsi strateji və geosiyasi baxımdan təsadüfi sayıla bilməz. Belə hallar, adətən, müəyyən siyasi və hərbi məqsədləri olan öncədən planlaşdırılmış hadisələrdir.
Baş vermiş sərhəd pozuntusunun səbəbləri ilə bağlı fikirlərini bölüşən Kazım Kazımov qeyd edib ki, ermənilərin bu niyyəti strateji maraqların təzahürüdür:
"Vladimir Putinin Azərbaycana səfəri ilə eyni gün Naxçıvan sərhədində atəşkəsin pozulması və hərbi gərginliyin artması təsadüf kimi görünə bilər, lakin bu tip hadisələr hallarda strateji maraqların təzahürüdür. Belə addımlar regionda güc nümayişi və beynəlxalq diqqəti cəlb etmək məqsədi daşıyır. Qafqazda belə atəşkəs pozuntuları bəzən tərəflər arasında mesaj göndərmək üçün istifadə edilir. Ermənistan belə hallarda Rusiyanın regiondakı rolunu, xüsusilə də Azərbaycana olan təsirini sınağa çəkməyə çalışır. Bu, həmçinin, Ermənistanın qərbə yönələn siyasətini balanslaşdırmaq üçün nəzərdə tutulmuş bir manevr ola bilər".
Ekspert bu təxribatın Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşmasına görə həyata keçirildiyini deyərək fikrini tamamlayıb:
"Putinin səfəri zamanı belə bir təxribatın baş verməsi Ermənistan və onun tərəfdaşları tərəfindən Azərbaycan və Rusiya arasında hərbi əməkdaşlığa və strateji münasibətlərə müəyyən mesaj göndərmək üçün atılmış bir addım kimi qəbul edilə bilər. Ermənistanın xüsusilə Avropaya yaxınlaşdığı bir zamanda Rusiya ilə əlaqələrində dəyişiklik etmək niyyətini göstərərək bu cür təxribatlarla Moskvaya mesaj göndərmək istəyir. Bu, Rusiyanın regiondakı maraqlarını yenidən nəzərdən keçirməsi üçün bir çağırış kimi də dəyərləndirilə bilər. Ermənistan tərəfindən atəşkəsin pozulması həm də Qərb dövlətlərinin regiondakı mövqelərini gücləndirmək üçün təzyiq vasitəsi kimi analiz edilə bilər. Qərbin regiona daha fəal şəkildə müdaxilə etmək istədiyi bir zamanda, Ermənistanın bu cür təxribatları Rusiyaya və Azərbaycana əlavə təzyiq yaratmaq üçün, bəlkə də, bir manevrdir".
Əli Hüseynov
















