Rusiya ilə Qərb arasında qarşıdurmanın uzanması postsovet məkanında yeni gərginlik nöqtələrinin yaranması ehtimalını daim gündəmdə saxlayır. Moskvanın son dövrdə Qərbi və Ukraynanı Gürcüstanı Rusiya ilə yeni qarşıdurmaya sövq etməkdə ittiham etməsi də bu baxımdan diqqət çəkir.
2008-ci il müharibəsinin nəticələrinin hələ də aradan qalxmadığı, Abxaziya və Cənubi Osetiya məsələlərinin açıq qaldığı şəraitdə Gürcüstanın təhlükəsizliyi xüsusilə həssas məsələdir. Digər tərəfdən, Tbilisinin Avropa İttifaqı ilə münasibətlərində yaranan problemlər, Gürcüstan hakimiyyətinin Rusiya ilə bağlı ehtiyatlı siyasəti və Ukrayna müharibəsinə münasibəti ölkəni mürəkkəb geosiyasi seçim qarşısında qoyur.
Mövcud vəziyyəti və mümkün ssenariləri Bakıvaxtı.az-a şərh edən politoloq Züriyə Qarayeva hesab edir ki, Moskvanın bu açıqlamalarını yalnız Gürcüstanla bağlı təhlükəsizlik xəbərdarlığı kimi deyil, daha geniş siyasi və informasiya strategiyasının tərkib hissəsi kimi qiymətləndirmək lazımdır. Rusiya bununla Gürcüstan cəmiyyətinə 2008-ci ilin ağır nəticələrini xatırladır və Qərblə daha dərin hərbi-siyasi yaxınlaşmanın ölkə üçün təhlükəli ola biləcəyi mesajını verir.
Onun sözlərinə görə, eyni zamanda Moskva Tbilisinin Ukrayna məsələsində tutduğu ehtiyatlı mövqenin qorunmasında maraqlıdır və Gürcüstanın Rusiyaya qarşı sanksiya və təhlükəsizlik siyasətinə daha fəal qoşulmasını istəmir. “İkinci cəbhə” mövzusu burada xüsusilə təsirli siyasi alətə çevrilir, çünki Gürcüstan cəmiyyətində yeni müharibə qorxusu kifayət qədər real tarixi yaddaşa əsaslanır:
“Digər tərəfdən, Rusiya Qərbi regionda sabitliyi pozan tərəf kimi təqdim etməklə özünün Cənubi Qafqazdakı mövqeyini legitimləşdirməyə çalışır. Buna görə bu ritorikanın həm Gürcüstanın xarici siyasət seçimlərinə təsir göstərmək, həm də ölkə daxilində Qərbə münasibətlə bağlı mövcud fikir ayrılıqlarını dərinləşdirmək məqsədi daşıdığını düşünürəm”.
“Gürcüstan həqiqətən yeni regional təhlükəsizlik təzyiqi ilə üzləşirmi, yoxsa hazırkı vəziyyət daha çox siyasi ritorika səviyyəsindədir” sualını cavablandıran müsahibimiz qeyd edib ki, Gürcüstanın sabah yeni müharibəyə başlayacağını və ya belə bir müharibənin qaçılmaz olduğunu söyləmək üçün əsas yoxdur, amma təhlükəsizlik risklərinin mövcudluğunu da görməzdən gəlmək olmaz. Dediyinə görə, ilk növbədə, Abxaziya və Cənubi Osetiya problemləri həll edilməyib və 2008-ci ildən sonra yaranmış hərbi-siyasi reallıq dəyişməz olaraq qalır. Rusiya-Ukrayna müharibəsi isə göstərdi ki, postsovet məkanındakı dondurulmuş və ya həll olunmamış münaqişələr daha böyük geosiyasi qarşıdurmalar zamanı yenidən təzyiq vasitəsinə çevrilə bilər:
“Gürcüstan üçün əlavə problem ondan ibarətdir ki, ölkə eyni zamanda Qara dəniz təhlükəsizliyi, Cənubi Qafqazdakı dəyişikliklər və Rusiya-Qərb qarşıdurmasının kəsişmə nöqtəsində yerləşir. Buna görə Tbilisiyə qarşı təzyiqin mütləq hərbi formada olması lazım deyil; iqtisadi, siyasi, informasiya və diplomatik vasitələr də kifayət qədər təsirli ola bilər. Məncə, Gürcüstan üçün əsas təhlükə yaxın perspektivdə birbaşa müharibədən daha çox müxtəlif istiqamətlərdən gələn təzyiqlərin ölkənin manevr imkanlarını tədricən məhdudlaşdırmasıdır”.

Züriyə Qarayeva: Moskva Gürcüstanla Qərb arasında yaranan hər bir siyasi boşluqdan istifadə etməyə çalışacaq
Həmsöhbətimiz bildirib ki, Gürcüstanın Qərblə münasibətlərində yaranmış gərginlik ölkənin xarici siyasətində ən ciddi problemlərdən birinə çevrilib, çünki uzun illər Avropa və Avro-Atlantik inteqrasiya Tbilisinin strateji istiqaməti olub. Hakimiyyət isə hazırkı siyasətini Qərbdən imtina kimi deyil, Gürcüstanın milli maraqlarını və sülhü qorumaq cəhdi kimi təqdim edir. Onun fikrincə, problem ondadır ki, Brüssel və digər Qərb paytaxtlarında demokratik proseslər və siyasi kursla bağlı narahatlıqlar Gürcüstanın Avropa perspektivinə birbaşa təsir göstərir. Bu vəziyyət uzandıqca Rusiyanın manevr imkanları genişlənir, çünki Moskva Gürcüstanla Qərb arasında yaranan hər bir siyasi boşluqdan istifadə etməyə çalışacaq:
“Bununla belə, Gürcüstan cəmiyyətində Avropaya inteqrasiyaya güclü dəstəyin mövcudluğunu nəzərə alsaq, ölkənin birdən-birə strateji istiqamətini dəyişərək Rusiyanın orbitinə keçməsi asan görünmür. Əsas məsələ Tbilisinin təhlükəsizlik arqumenti ilə Qərbdən məsafə saxlamaq siyasətinin hansı nöqtəyə qədər davam edə biləcəyi və bunun Avropa inteqrasiyasına nə qədər baha başa gələcəyidir”.
Bəs belə şəraitdə Tbilisi Rusiya-Qərb qarşıdurmasında hansı xətti qorumağa çalışacaq və bunun Cənubi Qafqaz üçün nəticələri nə ola bilər?
Politoloqa görə, Gürcüstan yaxın perspektivdə nə Rusiya ilə açıq qarşıdurmaya getmək, nə də Qərblə bütün körpüləri yandırmaq istəyəcək və buna görə praqmatik balans siyasətini davam etdirməyə çalışacaq. Tbilisi üçün əsas prioritet 2008-ci ildə yaşanan ssenarinin təkrarlanmasına imkan verməmək, eyni zamanda ölkənin iqtisadi və tranzit imkanlarını qorumaqdır. Burada Azərbaycanın və bütövlükdə Cənubi Qafqazın maraqları da önəmlidir, çünki Gürcüstan Xəzər hövzəsini Türkiyə və Avropa ilə birləşdirən enerji və nəqliyyat marşrutlarının əsas halqalarından biridir. Orta Dəhlizin əhəmiyyətinin artdığı indiki mərhələdə Gürcüstanda hər hansı ciddi siyasi və ya hərbi destabilizasiya artıq yalnız bu ölkənin daxili problemi olmayacaq, Azərbaycan, Türkiyə və Avropa üçün də iqtisadi və geosiyasi nəticələr yaradacaq.
“Buna görə həm Moskva, həm Qərb, həm də region dövlətləri Gürcüstan üzərində rəqabət apararkən müəyyən mənada onun sabitliyinin qorunmasında da maraqlıdırlar. Qarşıdakı dövrdə Tbilisinin ən böyük sınağı məhz bu olacaq: geosiyasi qarşıdurmanın tərəfinə çevrilmədən Qərblə strateji əlaqələrini qorumaq və Rusiya ilə münasibətlərdə yeni hərbi eskalasiyaya yol verməyəcək qədər ehtiyatlı siyasət yürütmək”, - Züriyə Qarayeva əlavə edib.
Zülfü Məmmədov
Bakı 



