• Bakı 29° C

    7.03 m/s

“Dərnəgül” elektrik deposu qismən istismara verilib

CƏMİYYƏT

13 Avqust 2026 | 11:18

“Dərnəgül” elektrik deposu qismən istismara verilib

Bakı metropoliteni üçün mühüm əhəmiyyət daşıyan “Dərnəgül” elektrik deposunda tikinti işlərinin ikinci mərhələsi yekunlaşıb və obyekt qismən istismara verilib.

Bakıvaxtı.az xəbər verir ki, AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC-nin gələcək fəaliyyətində və sərnişin sıxlığının azaldılmasında strateji əhəmiyyət daşıyan layihə 2025–2030-cu illər üzrə Dövlət Proqramına uyğun həyata keçirilir.

Deponun tikintisi üçün ərazi 1986-cı ildə ayrılsa da, əsas tikinti işlərinə 2025-ci ilin aprelində başlanılıb.

“Yaşıl xətt”ə müstəqil xidmət göstərəcək

“Dərnəgül” elektrik deposu “Yaşıl” və “Qırmızı” xətlərin ayrılması layihəsinin mühüm tərkib hissəsidir. Depo bundan sonra “Yaşıl xətt”ə müstəqil xidmət göstərəcək.

Burada qatarların təmir-baxışı, texniki qulluğu və gecələməsi, eləcə də digər texniki proseslərin həyata keçirilməsi üçün müasir infrastruktur yaradılıb. Bu isə hazırda əsas yükü daşıyan “Nərimanov” elektrik deposunun işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək.

Deponun istismara verilməsi metropolitendə xidmət keyfiyyətinin yüksəldilməsinə və qatarlar arasında hərəkət intervallarının azaldılmasına da imkan yaradacaq.

II mərhələdə görülən əsas işlər

Ərazi və binalar: 16,5 hektar ərazini əhatə edən depoda 16 xidmət obyektinin yaradılması nəzərdə tutulub. Mürəkkəb relyefə uyğun istinad divarları və çəpərlənmə işləri aparılıb, 5 işıqlandırma qülləsi inşa edilib. Xidmət və texniki otaqların tikintisi, monolit döşəmə, fasad, üzləmə və MEP işləri 100 faiz tamamlanıb, kommunikasiya xətləri çəkilib.

Yol və tunel infrastrukturu: “Yaşıl xətt”i depo ilə birləşdirən 2100 metrlik tuneldə 2017 metr yol çəkilib. Tunel yolları “Bakı Metropoliteni” QSC-nin yerli istehsalı olan dəmir-beton bloklar üzərində qurulub. Depo ərazisində 18 100 kubmetr yol yatağı qazılıb, 1700 ədəd dəmir-beton şpal düzülüb, 21 ədəd R50 tipli yoldəyişdirici quraşdırılıb və 1365 metr yerüstü park yolu salınıb.

Təmir-baxış sahələri: Qatarların gecələməsi, baxışı və təmiri üçün nəzərdə tutulan 155 metr enində, 133 metr uzunluğunda dayanma-təmir korpusunun dəmir-beton konstruksiyası, dam örtüyü və fasad hissəsi tikilib. Korpusun ümumilikdə 25 qanovundan 12-nin inşası tam başa çatdırılıb. Onlardan 3-ü qaldırma-təmir sahəsinə aiddir.

Mühəndis qurğuları və kommunikasiya şəbəkəsi: İki qazanxana və kompressor binasında əsas tikinti və montaj işləri yekunlaşıb, avadanlıqların quraşdırılması başa çatdırılıb. Drenaj və kanalizasiya sistemləri, elektrik və telekommunikasiya xətləri, o cümlədən 2000 metr fiber-optik xətt və 10 170 metr kabel trasları çəkilib. Depo ərazisinin elektrik təchizatı üç mənbədən təmin edilib.

Təhlükəsizlik və hərəkətin təşkili: Qatarların hərəkətinin təşkili və təhlükəsizliyi sistemləri, elektrik təchizatı xətləri, işarəvermə və rabitə avadanlıqları quraşdırılıb. 5 mərtəbəli dispetçer idarəetmə-mərkəzləşmə məntəqəsi inşa edilib. Binada mərkəzləşdirilmiş idarəetmə məntəqəsi ilə yanaşı, hərəkətin təşkili sistemləri, yanğın və videomüşahidə sahələri də yerləşəcək.

Depoda yerüstü stansiyanın inşası da davam etdirilir. Artıq əsas bina və platforma sahəsinin dəmir-beton işləri tamamlanıb.

Qeyd edək ki, “Dərnəgül” elektrik deposunun tikintisi ümumilikdə üç mərhələdə həyata keçirilir. II mərhələnin tamamlanması “Yaşıl” və “Qırmızı” xətlərin ayrılmasına şərait yaradır.

Belə ki, deponun qismən istismara verilməsi nəticəsində xətlərin ayrılması layihəsi çərçivəsində tikinti işləri zamanı “Dərnəgül–Nizami” sahəsində hərəkət edən qatarların təmir-baxışı və texniki qulluğu burada həyata keçiriləcək.

Depoda III mərhələ üzrə işlər davam etdiriləcək. Tikinti prosesinin və ərazidə yerləşən yerüstü stansiyanın 2028-ci ildə tam başa çatdırılması planlaşdırılır.

Zeynəb Rzayeva


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Avqust 2026