Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması yolverilməzdir.
Bakıvaxtı.az xəbər verir ki, bunu canlı yayımda Səhiyyə Nazirliyi Qonağımız Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Hüquq şöbəsinin müdiri Tamam Həsənova deyib.
Onun sözlərinə görə, “Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə əsasən, özəl tibb müəssisəsi yalnız tibbi fəaliyyətin müəyyən növləri üzrə verilən lisenziya əsasında və həmin fəaliyyət sahəsinə uyğun ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda fəaliyyət göstərə bilər.
Müəssisə rəhbəri tibbi fəaliyyətə görə birbaşa məsuliyyət daşıyır:
“Tibb işçiləri “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, tədrisə və sertifikasiyaya cəlb edilməlidir. Sertifikasiyadan keçməyən işçilərin praktik tibb fəaliyyəti ilə məşğul olması qadağandır. Müəssisə qanunvericilikdə nəzərdə tutulan statistik qeydiyyat və hesabatları aparmalı və onların doğruluğuna görə məsuliyyət daşımalıdır".
Bildirib ki, bəzi hallarda əmək qanunvericiliyi pozularaq işçilər əmək müqaviləsi olmadan işə cəlb edilir.
“İşçi ilə işəgötürən arasında xidməti müqavilə mövcud olsa belə, bunu müəyyənləşdirmək bəzən çətin olur. Lakin belə hallar aşkarlandıqda həmin müəssisələr barəsində protokol tərtib edilir”, – deyə T. Həsənova qeyd edib.
Mina Mikayılova