UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Qurban Qurbanovun “Qarabağ”ı bu gün Xabi Alonsonun rəhbərlik etdiyi “Bayer 04 Leverkusen” komandası ilə qarşılaşacaq.
Qrup mərhələsində üz-üzə gələn barışmaz rəqiblərin yolunun yenidən kəsişməsinə səbəb isə 1/16 finalda “köhlən atlar”ın “Braga” səddini keçməsi oldu.
Almaniya Bundesliqasında məğlubiyyətsizlik seriyasını davam etdirən leverkuzenlilər kağız üzərində favorit göstərilsə də, “Qarabağ”ın doğma divarlar arasında “alman maşını” qarşısında mübarizəsini davam etdirəcəyi bəllidir.
Maraqlıdır, bəs tanınmış idman mütəxəssisləri bu barədə nə düşünür?

“Space” TV-nin İdman Proqramları Şöbəsinin müdiri Tural Xudiyev Bakıvaxtı.az-a deyib ki, “Qarabağ” Avrokuboklar tarixində bəlkə də indiyə kimi oynadığı oyunlar arasında ən çətin görüşlərdən birinə çıxacaq:
“Rəqibin adı bunu deməyə əsas verir. Təəssüf ki, püşk bizim qarşımıza belə rəqib çıxartdı. “Bayer 04 Leverkusen” hazırda tək Almaniyada deyil, qitə miqyasında, hətta mən deyərdim ki, dünyada ən yaxşı futbol oynayan, mövsümün ən yaxşı futbol oynayan komandasıdır. Xabi Alansonun qurduğu sistem, komandanın taktiki hazırlığı, fiziki hazırlığı pik nöqtədədir. “Bayer” sadəcə olaraq rəqibləri üçün bir qorxulu yuxuya çevrilib”.
T. Xudiyev ümid edir ki, “Qarabağ” bu gün də azerkeşlərinin etimadını doğrultmağa çalışacaq:
“Qurban Qurbanov komandanı həm taktiki-texniki baxımdan, həm fiziki baxımdan, həm də psixoloji baxımdan bu oyuna kökləyə bilib. Buna şübhə etmirik. Təbii ki, doğma meydan amili, azarkeş amili də bu gün komandamızın köməyinə çata bilər. Ümid edirəm ki, bugünki oyunda “Qarabağ”dan biz ən azı layiqli mübarizə və sərfəli nəticə gözləyə bilərik”.
.jpeg)
Tanınmış aparıcı, idman jurnalisti İlkin Xəlilovun fikrincə, “Bayer”in gücü, səviyyəsi hər kəsə məlumdur. Onun Bakıvaxtı.az-a dediyinə görə, onlar bu mövsüm çox fantastik mövsüm keçirilər:
“Almanların istər Bundesliqada, istərsə də Avroliqada qarşılarına çıxan rəqibi yoxdur. Təbii ki, “Qarabağ” üçün belə bir rəqiblə başabaş mübarizə aparmaq qeyri-mümkün olacaq. Mən, sadəcə, doğma divarlara, azarkeşlərin dəstəyinə güvənib “Qarabağ”ın bugünkü oyununda layiqli mübarizə aparacağını gözləyirəm”.
.jpeg)
Aut.az saytının baş redaktoru Natiq Muxtarlı isə Bakıvaxtı.az-a söyləyib ki, “Bayer”lə qarşılaşma təkcə Azərbaycanda maraq doğurmur, əksinə, az qala, bütün Avropanın diqqəti bu oyundadır:
“Niyə? Ona görə ki, “Bayer”i Almaniya və Avropada məğlub edən tapılmır. İndi az qala, hamı möcüzə gözləyir ki, “Qarabağ” bu möcüzəni reallaşdıra bilərmi?
Hər şey detallardan asılı olacaq. Kobud səhvlər, hakim ədalətsizliyi olmasa, o cümlədən ələ düşən imkanlardan maksimum yararlanmaq mümkün olsa, “Bayer”i də məğlub etmək olar”.
Onun sözlərinə görə, məğlubedilməz komanda yoxdur:
“Bütün hallarda, “Bayer” nə vaxtsa dayanacaq. Amma onun Bakıda dayanması Avropanı ən azı bir həftə də “Qarabağ”dan danışmağa məcbur edəcək.
“Qarabağ” bu oyuna heç bir təzyiq olmadan çıxacaq. Çünki artıq maksimuma nail olublar, kimsə futbolçuların qarşısında “Bayer”ə mütləq qalib gəlməlisiniz” tələbi qoymur. “Qarabağ” rahat şəkildə öz oyununu oynasa, şanslardan maksimum yararlansa “Bayer” Bakıdan əliboş qayıda bilər. Sadəcə, “Qarabağ”ın müdafiə xəttində olan kadr çatışmazlığı bəzi problemlər yaradır. “Bayer” də bu problemlərdən xəbərdardır. Ümid edək ki, Qurban Qurbanov bu problemlərin həll yollunu çözə biləcək. Bütün hallarda, nəticənin necə olmasından asılı olmayaraq, “Qarabağ”a azarkeşlərin təşəkkür borcu var. Onları, məğlub olsalar belə, alqışlarla yola salmaq lazımdır”.

Digər bir idman jurnalisti Daşqın Əziz isə Bakıvaxtı.az-a deyib ki, bu komandalar artıq Avropa Liqasının qrup mərhələsində iki dəfə üz-üzə gəliblər:
“Necə deyərlər, tərəflər artıq bir-birinin oyununa, potensialına əyani olaraq bələddirlər. Favorit sözsüz ki, “Bayer”dir, lakin “Qarabağ”ın bu oyunda əvvəlki matçlardan fərqli olaraq, rəqibə qarşı daha yaxşı mübarizə aparacağını gözləyirəm. Necə ki, bunu Bakıdakı cavab oyununda (0:1) gördük. Həm də “köhlən atlar”ın baş məşqçisi Qurban Qurbanovun bu yaxınlarda Almaniya təmsilçisinin bazasına baş çəkməsi və həmkarından – Xabi Alonsodan məsləhətlər alması da təmsilçimizin işinə yaraya bilər. Bir sözlə, bu axşam “Qarabağ”dan uğurlu çıxış gözləyirəm. Hesab təxminim isə 1:1-dir”.
.jpeg)
“APA Sport”un baş redaktoru Rasim Sultanzadə Bakıvaxtı.az-a bildirib ki, xüsusilə “Qarabağ”ın ev oyunlarındakı azarkeşlərlə vəhdəti mükəmməldir. Onun sözlərinə görə, “köhlən atlar” daim qol vurmaq istəyən, baxımlı oyun göstərməyə çalışan komandadır:
“Bayer”i tanıyırıq, yad deyil. Qurban hoca təbii ki, bizdən yaxşısını bilir, analizlərini edib, tapşırıqlarını verib. İtirəcək bir şey yoxdur, qazanacaq isə çox şey var. Ən azından, “alman nəhəngi”nin məğlubiyyətsizlik seriyasını qıra bilərik. Məğlub olacağımızı düşünmürəm. Hesab təxminim isə 1:1 və ya 2:1-dir”.

Matc.az-ın baş redaktoru İxtiyar Əsgərov Bakıvaxtı.az-a deyib ki, püşkdə “Qarabağ”ın bəxti gətirmədi, komandaya mümkün ən çətin rəqib düşdü:
“Bayer”in gücünü qrupda onlara qarşı oyunlarda gördük. Onların bu mövsüm bütün turnirlərdə uduzmayan yeganə komanda olduqlarını xatırlatmaq kifayət edir”.
Baş redaktor deyib ki, “Bayer” hazırda Bundesliqada da liderdir və ilk hədəfləri ölkə çempionu olmaqdır. Buna görə də Avrokubok oyunlarında heyətdə rotasiya edirlər:
“Bu amil “Qarabağ”a müəyyən mənada kömək ola bilər. Azərbaycan çempionunun mərhələni adlaması dünya futbol ictimaiyyəti üçün mövsümün şoku olar. Ancaq müasir futbolda da mümkünsüz heç nə yoxdur”.
“Bayer” haradasa büdrəyəcək. Ümid edirəm ki, bu, məhz “Qarabağ” önündə yaşanacaq”, - deyə İxtiyar Əsgərov vurğulayıb
Mina Mikayılova
Rəfi Müslümov
Bakı 




