Bakıvaxtı.az-ın “Tarixə düşənlər” rubrikasının budəfəki qonağı ehtiyatda olan general-leytenant Yaşar Aydəmirovdur.
Generalla müsahibəni təqdim edirik.
Ermənistan sərbəst qərar qəbul etsə, hər şey onun üçün yaxşı olar
- Ötənlərdə Ermənistan Kəlbəcər istiqamətində ağır silahlar və Tovuz istiqamətində kvadrokopter tətbiq etməklə təxribatlar törətdi. Bir tərəfdə aidiyyəti komissiyalar sülh danışıqları aparır, digər yandan qarşı tərəfin təxribatlarına şahidlik edirik. Sizcə, bütün bu proseslər niyə baş verir və hara qədər uzana bilər?
- Sözsüz ki, Ermənistanın haradan, nə qədər silah almasına dair kəşfiyyat orqanlarında məlumatlar var. Fransa və Hindistandan Ermənistana dəstək aydın görünür, onlar ön xətdə möhkəmlənməyə başlayıblar. PUA-ları qaldırmaqla, kəşfiyyat işi aparıb, ön xətdə nələrin baş verdiyini öyrənməyə çalışırlar. Fransa və bir neçə Avropa ölkəsi rəsmi İrəvanı buna təhrik edir və bununla da regionda gərginlik yaratmaq istəyirlər.
- Bu gərginlik hansı nəticələrə gətirib çıxara bilər?
- Məlum vəziyyət regionda sabitliyin pozulmasına səbəb ola bilər. Fransa və bəzi Avropa ölkələri Ermənistanın sərbəst qərar verməsinə əngəl olur. Fikir verin, Ermənistanın Baş naziri Nikol Paşinyan sülh barədə danışan kimi, ölkə daxilində etiraz dalğaları güclənir, sərhəddə mitinqlər başlayır. Məsələn, Qazax istiqamətində kəndlərimizi azad edəndə, erməniləri küçələrə tökdülər, aksiya həyata keçirdilər. Bunlar təsadüf hallar deyil.
- Sizcə, sülh prosesi uzansa, nələr baş verə bilər?
- Ermənistan təxribatları davam etdirsə, yaşayış məntəqlərimizdən çəkilməsə, Zəngəzur dəhlizinin açılmasını uzatsa, Azərbaycanı qıcıqlandrsa, şübhsəiz ki, antiterror əməliyyatı gerçəkləşə bilər. Ali Baş Komandan İlham Əliyev öz çıxışda dəfələrlə bildirib ki, Azərbaycan Ermənistanın deyil, öz torpaqlarında əməliyyatlar həyata keçirərək, ərazilərini terrorçulardan təmizləmək hüququna malikdir. Beynəlxalq hüquq da bunu təsdiq edir.
Bütün hallarda Avropa dövlətləri gərginlik yaratmaq, Şimali və Cənubi Qafqaz regionunu Rusiyanın təsirindən çıxarmaq istəyirlər. Fransa buna cəhd göstərir, amma cəhdləri uğursuz alınır. Ermənistan Avropanın təzyiq və göstərişindən uzaqlaşıb, sərbəst qərar qəbul etsə, hər şey onun üçün yaxşı olar.
- Ermənistan yeni silahlar almaqla revanşa hazırlaşır?
- Onlar anlamalıdırlar ki, istər 44 günlük Vətən savaşı, istərsə də, 19-20 sentyabr antiterror əməliyyatından sonra Azərbaycan hərb və ordunun güclənməsi istiqamətində xeyli işlər görüb. Ali Baş Komandan İlham Əliyevin çıxışını xatırlasınlar. Azərbaycanda xüsusi təyinatlıların sayı 2 dəfə artıb. Elit qoşunların formalaşması, ciddi təlimlərin keçirilməsi, hərbi arsenalın inkişaf etdirilməsi istiqamətində ciddi işlər görülüb. Bu məsələ Ali Baş Komandanın diqqət mərkəzindədir. Ciddi, praktik işlər görülür.
Ermənilər təxribat törətdikcə, onun cavabını alacaqlar
- Bütün yollar Qərbi Zəngəzura aparır…
- Əlbəttə, Qərbi Zəngəzur, Göyçə gölü, Ararat, Mincivan-Mehri dəmir yolu Azərbaycanın balansındadır. Biz bu məsələləri unutmamışıq. Qarşı tərəf unutmasın ki, Azərbaycan onların təxribatına hər an kəskin cavab verə bilər. Bu, sabah da ola bilər, avqustun sonunda da, sentyabrda da. Nə vaxta qədər ki, təxribat törədəcəklər, onun cavabını alacaqlar.
Fransa və digər dövlətlər isə Ermənistanın köməyinə çata bilməyəcək və yaxud çatmayacaq. Rəsmi İrəvan 44 günlük müharibədən nəticə çıxarmalıdır.
- Qərbi Zəngəzurun azad ediləcəyi gün, ay, il yaxındadırmı?
- Mən hərbçiyəm. Komanda olsa, Zəngəzur dəhlizi azad edilə bilər. 1918-1920-ci illər Azərbaycan xəritəsinə baxsaq, şahidi olarıq ki, Göyçə gölünün ortasından sərhəd keçir. Yəni o torpaqlar bizimdir. Bir az da irəli baxsaq, İrəvan xanlığı 9 min kv km və bəzi yaşayış məntəqləri bizim olub. Sadəcə Azərbaycanı məcbur ediblər, parlament o torpaqları ermənilərə verib. Parlamentin qərarı ləğv olunsa, Ali Baş Komandan əmr versə, həmin əraziləri azad etmək bizim üçün problem deyil. Bu müharibə artıq 44 gün olmayacaq.
- Bəs nə qədər davam edəcək?
- Bu, əməliyyatın hansı planla aparılmasından asılı olacaq.
Rusiya imkan verməyəcək ki, Ermənistan Qərb orbitinə yaxınlaşsın
- Amerika Ermənistanda hərbi təlimlər başladır, Nikol Paşinyan Fransa prezidenti ilə səmimi görüşlər keçirir, ailəvi fotolar paylaşır. Fransanı özünə qardaş hesab edir. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da məhz bu prosesi nəzərə alaraq, bəyan edib ki, Rusiya Ermənistanı qardaş ölkə sayır və ümid edir ki, İrəvan vaxtilə Kiyev rejiminin seçdiyi yolu təkrar etməyəcək. Sizcə, indiki məqamda Ermənistan üzünü Qərb orbitinə çevirə bilərmi və Rusiyanın buan cavabı necə olar?
- Rusiya imkan verməyəcək ki, Ermənistan Qərb orbitinə yaxınlaşsın. Baxın, bu gün Rusiya qoşunları Ermənistan ərazisindədir. Amerikadan bir-iki təlimçi gəlməklə iş bitmir. Ermənistanın strateji obyektləri Rusiyanın balansında və nəzarətətindədir. Dəmiryolu, qazı, atom hidrostansiyası Rusiyanın əlindədir. Ermənistan Rusiya ilə kobud rəftar etsə, nəticəsi yaxşı olmayacaq.
- İranın Ermənistana 500 milyon dollarlıq silah, raketlər, hava hücumundan müdafiə qurğuları, 3 növ dron verməsinə dair məlumatlar tirajlanır. İndiki həssas məqamda rəsmi Tehranın başının özünə qarışdığı bir dönəmdə bu doğru ola bilərmi və yoxsa, loyallaşmaqda olan İran-Azərbaycan münasibətlərinə “su səpmək” istəyənlər var?
- Başda Fransa olmaqla Avropa, eləcə də Amerika zabitləri Erməsnitanda fəaliyyət göstərirlərsə, İran bu ölkəyə silah verməz. Bu, sadəcə İran-Azərbaycan münasibətlərinin gərginləşdirilməsinə yönəlik məlumatdır. Əslində siyasi işdir, buna qarışmıram, amma inanmıram ki, indiki məqamda İran Ermənistana silah vermək barədə düşünsün.
- Türkiyə-Ermənistan sərhədlərinin açılması da son günlərin müzakirə predmetinə çevrilib. Sizcə, bu, realdırmı və rəsmi Ankara hansı şərtləri diktə edəcək?
- Türkiyə həmişə bəyan edir ki, Ermənidtan Azərbaycanla məsələsini həll etməsə, sərhəd açılmayacaq. Düzdür, zaman-zaman xəbərlər yayılır ki, bu ölkələr arasında sərhədlər açılacaq, amma Türiyənin aidiyyəti strukturları, ali rəsmi şəxsləri dəfələrlə bəyanat veriblər ki, bu məsələ Azərbaycanla münasibətlərdən asılıdır. Ermənistan Azərbaycanın şərtlərini yerinə yetirməsə, Türkiyə sərhədləri açan deyil.
Aydın Baxış