• Bakı 14° C

    5.41 m/s

  • USD - 1.7

    EUR - 1.7803

    RUB - 1.6785

“Yaxşı şeydirsə,  öz əzizlərini videoya çək” - Sosial şəbəkədə təhqir xarakterli paylaşımlar NİYƏ ARTIR?

CƏMİYYƏT

21 Noyabr 2024 | 13:35

“Yaxşı şeydirsə,  öz əzizlərini videoya çək” - Sosial şəbəkədə təhqir xarakterli paylaşımlar NİYƏ ARTIR?

“Hazırda sosial şəbəkələrdə paylaşılan və adına prank, kontent, veriliş, sosial eksperiment deyilən videodakı davranışlara 20 il əvvəl həkimlər “obsesiv kompulsiv” pozuntu diaqnozu qoyurdular”.

Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı aktyor Kamran Ağabalayev sosial şəbəkədə paylaşım edərək, belə video çəkənlərə öz iradını bildirib.

Aktyor insanın tanımadığı şəxslərə qarşı heç bir mənşəyi olmayan təhqir xarakterli sözlər işlətməyinin başqa adının olmadığını deyərək Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyinə müraciət edib:

“Çox maraqlıdır ki, bu qədər mədəniyyətsiz gənc harada və niyə yetişir?"

K.Ağabalayevin sözlərinə görə, fərqli prizmalardan azərbaycanlıların 3 əsas ideoloji prinsiplərinə yanaşdıqda Avropa standartlarına görə, adamı məhkəməyə verərlər.

“İnanclı şəxslər adama deyər ki, Allah sizə ağıl versin. Mentalitetlə yaşayanlar isə fikirləşər ki, bu, yaxşı şeydirsə, nə əcəb videolara öz əzizlərini çəkmir?”

Maraqlıdır, bu halların qarşısını almaq üçün sadəcə video çəkib etiraz etmək kifayətdirmi? Hansı tədbirlər görülərsə, daha effektiv nəticə əldə etmək olar?

Üzeyir Şəfiyev: Qanunlarla yanaşı həmin qanunlara nəzarət mexanizmini bir qədər də gücləndirmək lazımdır

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən sosioloq Üzeyir Şəfiyevə görə, belə halların baş verməsi ondan xəbər verir ki, sosial şəbəkə istifadəçilərində olan yanlış təsəvvürə görə, sosial şəbəkələr “boz zona”dır, istənilən hüquqa və əxlaqa zidd davranış sərgilənə bilər və bunun nəticəsində hüquqi məsuliyyət daşımayacaqlar.

Ü.Şəfiyev qeyd edib ki, daxili işlər oqanları tərəfindən dəfələrlə hüquqa və əxlaqa zidd davranış sərgiləyən sosial şəbəkə istifadəçiləri hüquqi məsuliyyətə cəlb olunub və müxtəlif səviyyələrdə onlarla iş aparılıb.

osioloq nəzərə çatdırıb ki, Azərbaycanda “Media haqqında” qanun qəbul olunub və qanunun 10-cu və 14-cü maddəsində məhz sosial şəbəkə seqmenti ilə bağlı məqamlar var. Bundan başqa, 2016-cı ildə Azərbaycanda “Telekommunikasiya haqqında” qanuna əlavələr edilib ki, həmin əlavələrdə də sosial şəbəkə üzərindən hüquqa və əxlaqa zidd davranış sərgiləyənlər haqqında hüquqi məsuliyyət nəzərə alınıb. Eyni zamanda Azərbaycan Respublikası Prezidenti 2018-ci ildə uşaqların zərərli informasiyadan qorunması haqqında fərmana imza atıb.

“Bütün bunlarla yanaşı onlara nəzarət mexanizmini bir qədər də gücləndirmək lazımdır. Çox yaxşı olardı ki, mütəmadi olaraq sosial şəbəkə, sosial media, kütləvi informasiya vasitələrinin üzərində monitorinqlər aparılsın. İnformasiyalar, paylaşımlar, kontent təhlil olmalıdır. “Sarı informasiya”lar, hüquqa və əxlaqa zidd davranışlar sərgiləyən hüquqi məsuliyyətə cəlb olunmalı və ictimai şəkildə cəmiyyətə təqdim olunmalıdır”.

Müsahibimizin sözlərinə görə, Almaniya höküməti 2017-ci ildə maraqlı bir təşəbbüs göstərərək sosial şəbəkə operatorları ilə müqavilə bağlayıb və bu müqaviləyə əsasən, operatorlar saxta, troll adlarla hüquqa və əxlaqa zidd davranış sərgiləyən şəxsləri müəyyənləşdirərək Almaniya hökumətinə təqdim etməli idi.

Azərbaycanda sosial şəbəkələrlə analoji müqavilənin imzalanmasının zərurətini qeyd edən ekspertə görə, baş verən keyslər artıq ölkəmizdə bu sahədə çoxlu problemlərin olduğunu və onların tənzimlənməsinin gərəkliliyini göstərir. Sosioloq bildirib ki, qardaş Türkiyə Respublikasında, eləcə də Avropa İttifaqına daxil olan bir sıra ölkələrdə sosial şəbəkələrin fəaliyyətini tənzimləyən ayrıca qanun olduğu kimi Azərbaycanda da belə qanun qəbul olunmalıdır. Bu qanun üzərindən istifadəçilər arasında hüquqi maarifləndirmə işləri aparılmalı və hüquqi savadlılıq səviyyələri artırılmalıdır ki, onlar sosial şəbəkələrin heç də “boz zona” olmadığını başa düşsün.

“Əfsuslar olsun ki, biz bir sıra hallarda cinayət aləminin insanlarının qəhrəmanlaşdırıldığını müşahidə edirik. Onlar hələ psixologiyası bərkiməmiş uşaqlara və yeniyetmələrə sanki kumir kimi təqdim olunur. Hətta bəzən televiziyalar da onlarla bağlı portret verlişlər verir.

Bu kimi hallar pislənilməlidir. Belə sosial şəbəkə istifadəçiləri cəzalandırılmalıdır.

Ailədən və məktəbdən də çox təsir gücünə sahib olan sosial şəbəkələr gəncləri belə yola çəkir. Və onların düzgün istiqamətdə formalaşmasına mane olur. Bunun qarşısı alınmazsa, cəmiyyətdə sosial animiyaların səviyyəsi arta bilər”.

Mina Mikayılova


SON XƏBƏRLƏR

22 Noyabr 2024