"Qızılca ilə xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə şikayət gəlməyib".
Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Bakı şəhəri üzrə Təhsil İdarəsindən bildiriblər.
Qeyd olunub ki, ümumi təhsil müəssisələrində qızılca xəstəliyinin kütləvi yayılması ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) məlumat daxil olmayıb: "Məktəblərdə tibbi xidmət işi yerli poliklinikalar tərəfindən təyin edilmiş tibb bacısı və ya həkim tərəfindən həyata keçirilir. Təhsil müəssisələrinə təyin edilmiş tibb bacısı və ya həkimin işinə müvafiq poliklinikalar tərəfindən nəzarət edilir".
Məlumata görə, səhhətində narahatlıq müşahidə edilən məktəblilər tibb bacısı və ya həkim tərəfindən ilkin müayinə olunur, valideyn ilə əlaqə saxlanılır, şagirdin vəziyyətinə uyğun tədbirlərin görülməsi təmin edilir: "Valideynlərə hər zaman tövsiyə olunur ki, övladları mövsümi xəstəliklərə və virus infeksiyalarına yoluxduğu halda tam sağalanadək onların digər uşaqlarla yaxın təmasda olması məqsədəuyğun deyil".
Qeyd edək ki, son günlər orta və ali təhsil müəssisələrində sürətlə yayılan qızılca cəmiyyət arasında böyük narahatlığa səbəb olub. Xüsusilə məktəblərdə kütləvi qızılcaya yoluxma halları baş verir. Ötən həftə 4 yaşlı uşağın qızılcaya yoluxaraq ölməsi insanları daha da təşvişə salıb. Dünyasını dəyişən azyaşlının qızılcaya qarşı peyvənd olunmadığı məlum olub.
TƏBİB-dən verilən məlumata görə, hazırda yoluxmalar daha çox məktəb və bağça yaşlı uşaqlar arasında üstünlük təşkil edir. Bu xəstəlik uşaqlıq dövrünün infeksion xəstəliklərindən hesab olunur, virus mənşəli xəstəlikdir və özü sağalan xəstəliklər qrupuna daxildir.
Aytac Aslan
















