Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə Quba–Xaçmaz Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və təşkilatçılığı ilə regionda silsilə tədbirlər həyata keçirilib.
Bakıvaxtı.az xəbər verir ki, bu tədbirlər çərçivəsində Qusar və Xaçmaz rayonlarında genişmiqyaslı flaşmob aksiyaları təşkil olunub.
Xaçmaz şəhərində keçirilmiş flaşmobda “İmza” kompozisiyası və “102” rəqəmi minlərlə iştirakçı tərəfindən canlı olaraq formalaşdırılıb. Qusar şəhərində isə Ulu Öndər Heydər Əliyevin portreti əks etdirilib. Hər iki bölgədə baş tutan tədbirlərə ümumilikdə 5 minə yaxın məktəbli, müəllim və mədəniyyət işçisi qatılıb.
Təşkil olunmuş flaşmob yalnız bölgənin mədəni və ictimai həyatında deyil, eyni zamanda milli dəyərlərə və dövlətçilik ənənələrinə sadiqliyin bariz nümunəsi kimi geniş rezonans doğurub. Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olan bu tədbir gənc nəsildə vətənpərvərlik hissinin aşılanması və ictimai həmrəyliyin gücləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.