Fransız avtomobil istehsalçısı "Renault Group" özünün Fransadakı mühəndislik bölməsinin genişmiqyaslı restrukturizasiyasını (yenidənqurma) elan edib.
Bakıvaxtı.az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi yazıb.
Məlumata görə, 2027-ci ilin sonuna qədər bölmənin 800 əməkdaşının işdən çıxarılması planlaşdırılır.
Fransada ümumilikdə 5 500 mühəndis çalışır ki, bu da şirkətin ümumi mühəndis heyətinin yarısını təşkil edir, ixtisara isə personalın təxminən 15-20%-i məruz qalacaq.
Bu cür optimallaşdırmanın səbəbləri sırasında Çin avtomobil sənayesinin Avropada sürətli inkişafı göstərilir - son iki ildə Çin istehsalçılarının Avropa bazarındakı payı üç dəfədən çox artıb, Çindən olan rəqiblər isə texnoloji cəhətdən qabaqcıl avtomobilləri daha sərfəli qiymətlərlə təklif edirlər.
Agentliyin məlumatına görə, şirkət əməkdaşların reorqanizasiyasını (yenidən təşkil etmə) planlaşdırır - onlardan 2 500 nəfəri yenidən təlim keçəcək, 150-200 yeni mütəxəssis işə götürüləcək. Şirkət elektromobillərin, proqram təminatının və süni intellektin inkişafına fokuslanıb.
Bundan əlavə, "Renault" tədqiqat və inkişaf proseslərini sadələşdirməyi, eləcə də sürəti artırmağı planlaşdırır, çünki çinlilər yeni modelləri ənənəvi dörd-beş il əvəzinə iki il ərzində hazırlaya bilirlər.
Bakı 


