Surqut hava limanında gömrük əməkdaşları böyük məbləğdə nağd vəsaitin ölkədən çıxarılmasının qarşısını alıblar. Bakı istiqamətində uçuşa hazırlaşan cütlük 1,5 milyon rubldan çox məbləği gömrükdə bəyan etmədən aparmaq istəyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sərnişinlər “yaşıl dəhliz”dən keçərək bəyana tabe olan heç bir əşyalarının olmadığını bildiriblər. Lakin yoxlama zamanı onların baqajında və əl çantasında Rusiyadan çıxarılması qaydalarını aşan rubl və Azərbaycan manatı aşkarlanıb.
Qanunvericiliyə əsasən, Rusiyadan hər bir şəxs maksimum 10 min ABŞ dollarına ekvivalent məbləği bəyan etmədən apara bilər. Bu həddi aşanlara inzibati, məbləği ikiqatdan çox aşanlara isə cinayət məsuliyyəti tətbiq olunur.
Məlumata görə, cütlüyə qarşı inzibati iş açılıb, normanı aşan vəsait isə müsadirə olunub. Bu, 2025-ci ilin əvvəlindən Tümen gömrüyünün aşkar etdiyi ən iri həcmdə bəyan olunmamış nağd pul çıxarılması faktıdır.