Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına yekun vurulub və yarımfinalın bütün iştirakçıları müəyyənləşib.
Bakıvaxtı.az xəbər verir ki, sonuncu oyun günündə keçirilən hər iki qarşılaşma gərgin mübarizə və dramatik sonluqla yadda qalıb.
Yevlaxda baş tutan görüşdə “Kəpəz” doğma meydanda “Turan Tovuz”u qəbul edib. İlk oyunda olduğu kimi, cavab matçında da Tovuz təmsilçisi üstün tərəf olub. Xorxe Silva (13-cü dəqiqə) və Hayderson Hurtadonun (51-cü dəqiqə) vurduğu qollar qonaqlara 2:0 hesablı qələbə qazandırıb. Beləliklə, hər iki oyunun nəticəsinə görə (cəmdə 3:0) yarımfinala vəsiqə qazanan “Turan Tovuz” bu mərhələdə “Zirə” ilə üz-üzə gələcək.
Günün digər matçı isə Qəbələdə baş tutub. “Sabah”ın qonağı olan “Qəbələ” hər iki hissədə vurduğu qollarla 2:0 hesablı üstünlük qazansa da, matçın son dəqiqələrində vəziyyət tamamilə dəyişib. “Sabah” ardıcıl qollarla hesabı bərabərləşdirərək (2:2) oyunu əlavə vaxta aparıb. Əlavə vaxtda hər iki komanda daha bir qol vurunca hesab 3:3 olub və qalib penaltilər seriyasında müəyyənləşib. Burada daha dəqiq oynayan “Sabah” (4:2) yarımfinala adını yazdırıb. Masazır təmsilçisinin növbəti rəqibi isə “Qarabağ” olacaq.
Xatırladaq ki, daha əvvəl keçirilən oyunların nəticəsinə görə “Zirə” və “Qarabağ” artıq yarımfinal vəsiqələrini təmin etmişdilər.
Bakı 




