Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi Hörmüz boğazında Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) məxsus iki gəminin İran tərəfindən hədəfə alınmasını sərt şəkildə pisləyib.
Bakıvaxtı.az xəbər verir ki, rəsmi Ər-Riyad hücumların davam etdirilməsindən irəli gələn nəticələrə görə İranın tam məsuliyyət daşıyan tərəf olduğunu bildirib.
Bəyanatda Tehrandan belə qanun pozuntularına dərhal son qoymaq və beynəlxalq hüquqa hörmət tələb olunub.
Səudiyyə Ərəbistanı XİN hücumların təkrarlanmasının təhlükəli eskalasiyaya, dənizlərdə gəmiçiliyin təhlükəsizliyi və naviqasiya azadlığı üçün birbaşa təhdidə, eləcə də qlobal enerji təchizatının təhlükəsizliyinə ciddi təhlükəyə çevrildiyini vurğulayıb.
Nazirlik İranın hücumunu beynəlxalq qanunların və beynəlxalq adətlərin kobud şəkildə pozulması, habelə BMT Təhlükəsizlik Şurasının 2817 saylı qətnaməsinə açıq şəkildə meydan oxuma kimi qiymətləndirib.
Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyi sonda Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəy olduğunu, bu ölkənin yanında olduğunu və BƏƏ-nin öz suverenliyini, təhlükəsizliyini və əmlakını qorumaq üçün atacağı bütün addımları dəstəkləyəcəyini bəyan edib.
Bakı 



