Mayın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşü olub.
Bakıvaxtı.az xəbər verir ki, tədbirdə çıxış edən Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın İslam dininə qarşı qlobal səviyyədə formalaşan yanlış təsəvvürlərin aradan qaldırılması, dini dözümlülüyün və multikultural dəyərlərin təşviqi, habelə İslamın sülhsevər mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
O, Azərbaycanın İslam həmrəyliyi, multikulturalizm və dini tolerantlıq prinsiplərinə sadiqliyini, dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdəki prinsipial mövqeyini diqqətə çatdırıb. Bildirilib ki, islamofobiya ilə mübarizə, dini-mənəvi irsin qorunması, bütün dinlərə məxsus abidələrin bərpası sahəsində ölkəmiz tərəfindən atılan addımlar beynəlxalq aləmdə də rəğbətlə qarşılanır.
Şeyxülislam çıxışının sonunda dünya ictimaiyyətini milli, irqi və dini dözümsüzlüyə qarşı birgə və prinsipial mövqe sərgiləməyə çağırıb.
Ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq çıxış edərək dünyada, xüsusilə Qərb ölkələrində İslama və müsəlmanlara qarşı artmaqda olan ayrı-seçkilikdən və qərəzli münasibətdən narahatlıqla bəhs edib. O, bu fenomenin insan hüquqları və demokratiya prinsiplərinə zidd olduğunu bildirib.
Senat sədri təhsil, maarifləndirmə, qarşılıqlı anlaşma və əməkdaşlığın bu çağırışlara cavab olaraq mühüm əhəmiyyət daşıdığını qeyd edib.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” konfransının əhəmiyyətindən danışıb, tədbirin qlobal miqyasda dini zəmində dözümsüzlük və ayrı-seçkiliklə mübarizədə əhəmiyyətli rol oynayacağına əminliyini ifadə edib.
Sonra iştirakçılar üçün ziyafət təşkil olunub.