Xəbər verdiyimiz kimi, Başqırdıstanın Serafimova qəsəbəsində insanlar arasında bu vaxta qədər rast gəlinməyən siçan qızdırması aşkarlanıb.
Bakıvaxtı.az xəbər verir ki. yerli federal xidmətin məlumatına görə, noyabrın əvvəlindən arasında uşaqların da olduğu 14 nəfərə ilkin diaqnoz qoyulub. Böyrək sindromlu hemorragik qızdırma alovlanması artıq 31 nəfərdə aşkarlanıb.
“Hazırda epidemioloji araşdırma aparılır, Başqırdıstan hökuməti tərəfindən epidemiya əleyhinə tədbirlər görülür, məktəblər, təhsil müəssisələrində nəzarət gücləndirilib. Yoluxanlar ailəlikcə təcrid olunub”, - deyə bildirilir.
İnfeksionist Nicat Əzimli mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu, indiyə qədər rast gəlinməmiş bir virus deyil: “Bu, universitetlərdə də tədris olunan, bütün infeksionistlərə tanış olan bir xəstəlikdir. Təbii ki, çox təhlükəli bir virusdur. Əsasən, yayğın olduğu ərazilər Rusiyadır. Bunun rast gəlinməı zonası Rusiyanın mərkəzi və şimali qərb rayonlarını əhatə edir. Bəzən Şiamali Qafqaz, Belarus, Ukrayna və bəzi digər ölkələrdə də rast gəlinə bilir”.
N.Əzimli deyib ki, ümumilikdə keçən əsrin 70-ci illərindən sonra aşkarlanmış RNT tərkibli bir virusdur. Bu xəstəlik, əsasən, gəmiricilər vasitəsilə yayılır. Gəmiricilərin sidiyi, nəcisi, ağız suyu ilə ifraz oluna bilir: “Bu saydığımız möhtəviyyatlarda virusun yoluxduruculuğu, təxminən bir ilə qədər davam edə bilir. Ağız suyu və nəcisdə bir aya qədər, sidikdə isə bir ilə qədər davam edə bilir. Yəni, gəmiricilərin məskunlaşdığı ərazilərdə onların ifrazatları ilə təmas halında olan insan bu xəstəliklərə yoluxa bilər”.
Müsahibimiz onu da qeyd edib ki, gəmiricilər hər hansı bir meyvə-tərəvəzi, məhsulu bu virusa bulaşdırdıqda, həmin qidalarla qidalanan insan da virusa yoluxa bilər. Onun sözlərinə görə, eyni zamanda, kənd təsərrufatı, odun yığmaq, ot biçməklə məşğul olan, tarlada işləyən insanlar həmin ərazidə torpaqda yaşayan gəmiricilərin ifrazatı ilə təmas halında olur vəb u səbəbdən, onlarda yoluxma baş verə bilir.
“Sadəcə maraqlı olan budur ki, bu xəstəliyin, əsasən, ortaya çıxdığı və kiçik epidemiya ocaqlarının özünü göstərdiyi aylar iyun-oktyabr ayları arasıdır. İndiki mövsümdə çox da xarakterik olmasa da, bəlkə də, həmin ərazidə havaların isti keçməsi buna səbəb ola bilər. Yəni, xarakterik olmayan temperatur nəticəsində gəmiricilərin aktivləşməsi və bu xəstəliyi yayması baş vermiş ola bilər”.
İnfeksionist bildirib ki, ümumiyyətlə, hemoragik viruslu xəstəliklər, demək olar, ən təhlükəli infeksion xəstəliklər hesab olunur: “Ona görə ki, bunlar damarın divarındakı endotel hüceyrələrini zədələyir. Bu zədələnmə artdıqca qanın damar daxilində hərəkəti çətinləşir. Virus artıq o qədər çoxalır ki, başlayır müxtəlif toxumaların zədələnməsini törəyməyə başlayır. Daxili orqanlara zədə vurur. Əsasən, böyrəklərdə incə kapilyarlar çox olduğu üçün kiçik damarların zədələnməsi böyrək çatışmazlığına və ciddi problemlərə səbəb ola bilər. Əsas pataloji anatomik dəyişmə müxtəlif orqan və toxumalarda qan sızma, kapilyarlarda çox lu zədələnmə, damar divar hüceyrələrinin ölümü ilə bağlıdır”.
N.Əzimli vurğulayıb ki, xəstəliyin başlanması, yəni simptomların ortaya çıxması inkubasiya dövrdən sonra baş verir: “Bu dövrün uzunluğu 4 gündən maksimum 42 günə qədər ola bilər. Çox vaxt 2-3 həftə ərzində simptomlar ortaya çıxır. 2-3 həftə inkubasiya dövrü hesab olunur”.
Xəstəliyin gedişatı 4 mərhələdə baş verir: 1. Başlanğıc 2. Oliqouriya 3. Poliuriya 4. Rekonvalessensiya. Başlanğıcda, təbii ki, başlanğıc simptomlar ortaya çıxır. 38-40 dərəcə qızdırma, üşütmə, ağrı, susuzluq, ağızda yanma, quruluq və s. baş verir. Oliqouriya mərhələsində artıq böyrəklər zədələnməyə başladığına görə sidiyin azalması mərhələsi başlayır. Daha sonra isə zədələnmə çoxaldığı üçün əksinə poliuriya, yəni sidiyin çoxalması başlayır. Daha çox sidik verməklə insan bədənindən daha çox maye itirməyə başlayır. Həmin dövrdə ölüm ehtimalı daha yüksəkdir. Daha sonra isə rekovinezasiya dövrü gəlir. Əgər xəstə yaxşılaşmağa doğru getsə, bu zaman Rekonvalessensiya dövrü hesab olunur. Bu, çox yavaş gedən bir proses olur. Getdikcə əlamətlər yox olur və insan normala dönür”.
Onun spzlərinə görə, xəstəlik olduqca ağırdır, amma çox da bizə xarakterik xəstəlik deyil: “Bunun dünyada yayılıb böyük bir epidemiya və ya pandemiya törətmək ehtimalı çox aşağıdır. Ona görə də, narahat olmağa dəyməz. Əvvəl də qeyd etdiyim kimi, belə xəbərlər həmişə olurdu, sadəcə koronavirus epidemiyasının baş verməsi insanlarda bu cür xəbərlərə qarşı həssaslığı artırıb. Ona görə, hər belə xəbər “yeni bur pandemiyamı ortaya çıxacaq” deyə suallar doğurur. Qətiyyən belə deyil, endemik virus sayılır, Azərbaycana xarakterik virus deyil”.
Aytac Aslan
















