• Bakı 19° C

    7.1 m/s

  • USD - 1.7

    EUR - 1.9739

    RUB - 1.9728

Azərbaycanlı futbolçu dələduzların “toruna” düşüb: Özünün xəbəri olmadan "şirkət rəhbəri" oldu

CƏMİYYƏT

05 Noyabr 2024 | 13:28

Azərbaycanlı futbolçu dələduzların “toruna” düşüb: Özünün xəbəri olmadan "şirkət rəhbəri" oldu

Azərbaycanda işə düzəltmək adı ilə dələduzluq halları çoxalıb. Belə ki, bəzi şəxslər insanları alladaraq onların pullarını və ya sənədlərini alaraq adlarına şirkətlər açır. Bu kimi halların artması pandemiya dönəmindən sonra daha çox müşahidə olunmağa başlayıb.

Belə şəxslərdən biri də Gəncə şəhər sakini, futbolçu Elnur Həsənovdur.

Bu barədə o, Bakıvaxtı.az-a ünvanladığı şikayətində bildirib.

E.Həsənov 2013-cü ildə qardaş ölkəyə transfer olunduğunu deyir. Müsahibimiz bildirib ki, 2019-cu ildə zədə aldlğından Azərbaycana gəlib, zədələrin ağırlığına görə futbolla məşğul olmayıb.

Elnur Həsənov: Etdiyim müraciətlərin heç bir faydası yoxdur

Dediyinə görə, pandemiya dövründə Bakıya iş axtarmaq üçün gəlib və dostunun vasitəsi ilə Rafiq Hacıyev adlı şəxslə tanış olub. R.Hacıyev ona şirkətdə iş təklif edib və sənədlərinin düzəldilməsi üçün onu Xətai metrostansiyasının yaxınlığında yerləşən notariata apararaq etibarnamə alıb:

“Məni banka aparması ilə adıma şirkət açmasından 15 gün sonra xəbərim oldu. Şirkətin adı “ATN UNİVERSAL”, VOEN 1308559711-dir. Dərhal “tarqovı”da yerləşən “Azərcell”ə gedərək “Asan İmza”nı bağlatdırdım və Rafiq Hacıyevə zəng edərək bu şirkəti istəmədiyimi, mənim üstümdən çəkməsini dedim. O isə cavabında şirkəti bağlamaq üçün “Asan İmza”nı açmalı olduğumu bildirdi. Mən də bu prosesləri aparması üçün 2 günlük onu açdım və açdığım zaman “Asan İmza”ma daxil olaraq vergi idarəsinə məktub yazaraq bildirdirm ki, mənim bu şirkətdən xəbərim yoxdur və bu prosesləri mən etmirəm”.

Elnur Həsənov bunun heç bir fayda vermədiyini, “Asan İmza”nı yenidən bağladığını və notariata gedərək etibarnaməni ləğv etdirdiyini söyləyib. Oradan isə onlara 2 etibarnamə verildiyi və bunlardan yalnız birini bağlamağın mümkün olduğu bildirilib:

“Mənə dedilər ki, ikinci etibarnaməni bağlamaq üçün yanınızda möhür olmalıdır və məndə möhür olmadığı üçün bunu edə bilmərik. Daha sonra hər dəfə “Asan İmza”nı yoxladıqca onun açıq olduğunu mənə söyləyirdilər. Onlar məndən xəbərsiz mənim adıma nömrə alaraq, “Asan İmza” açıblar”.

Şikayətçi onun adına açılan şirkətin VÖEN hesabında 300 min manat borc olduğunu deyir.

“Rafiq Hacıyev tək mənə deyil, dostuma, tanışlarıma qarşı da şirkətə işə götürmək adı ilə bu addımı atıb.  Danişyar Pərviz Siyavuş oğlunun adına 4 şirkət açıb ki, bu şirkətlərin adı “Nisuter Cons”, “Darond Trade”, “Muston Supply”, “Lubosont2023”dür. Həmçinin Xələfov Elvin Erafet oğlunun adına “Temidor Frurty” adında 1 şirkət açıb”.

Rəşad Əliyev: Onların cinayət məsuliyyətinə cəlb edilməsi reallaşa bilər

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, şəxs aldadılaraq adına şirkət açılması üçüm bütün səlahiyyətlərini başqa şəxsə ötürülməsi barədə etibarnamə və ya adına olan “Asan İmza”nı, vergi sertifikatını həmin şəxslərə verir. Verdiyi səlahiyyətlərdən istifadə edən şəxslər isə məhz onun adına şirkət qeydiyyatdan keçirdikdən sonra şəxsi növbəti dəfə notariusa apararaq, bank hesabının açılması, gömrük rəsmiləşdirilməsi edilməsi, bankdan pulun çıxarılması səlahiyyətlərini özündə ehtiva edən növbəti etibarnamə alırlar, yaxud da artıq əldə etdikləri “Asan İmza” vasitəsilə həmin əməliyyatları həyata keçirirlər.

Onun sözlərinə görə, bu səbəbdən həmin əməliyyatlarla bağlı yaranmış vergi borcunun ödənilməsi öhdəliyi də bu şəxsin üzərində qalır.

R.Əliyev nəzərə çatdırıb ki, bu kimi halla rastlaşan və artıq aldadıldığı barədə məlumatı olan şəxs ilkin olaraq verdiyi bütün etibarnamələri ləğv etməli, əgər “Asan İmza”sı başqa şəxslərin əlindədirsə ondan istifadəni məhdudlaşdırmalıdır:

“Həmçinin bu barədə qeydiyyata alındığı ərazi vergi qurumuna məlumat verməli və məsələnin araşdırılmasını xahiş etməlidir. Bu şəxsə münasibətdə yaranmış vergi borcu xüsusilə külli miqdar təşkil etdiyindən artıq cinayət məsuliyyəti yaradan hala çevrilib. Bu səbəbdən də həmin məsələ araşdırılması üçün Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə göndərilməlidir. Bu halda adıçəkilən qurum, yaxud da zərurət olduqda Baş Prokurorluq və ya digər müvafiq qurumların birgə araşdırması aparılır.”.

Müsahibimiz həmin şəxsin izahatına əsasən və onun verdiyi etibarnamə əsasında, yaxud onun “Asan İmza”sı vasitəsilə aparılmış gömrük, bank və s. əməliyyatlarında adı keçən şəxslərin dairəsini, həmçinin şirkətin fəaliyyəti nəticəsində real faydalanan şəxsin kimliyininin müəyyən edilə biləcəyini vurğulayıb. Bildirib ki, bu mümkün olduğu təqdirdə həmin şəxslər barəsində müvafiq ittihamlar elan edilməklə onların cinayət məsuliyyətinə cəlb edilməsi reallaşa bilər.

Yazıda adı çəkilən Rafiq Hacıyevin də mövqeyini işıqlandırmağa hazırıq.

Mina Mikayılova


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

07 Sentyabr 2026