• Bakı 26° C

    12.91 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

Sülh müqaviləsi ilin sonunadək imzalana bilər: Ermənistan da yekun addım atılmasında maraqlıdır

SİYASƏT

21 May 2024 | 12:01

Sülh müqaviləsi ilin sonunadək imzalana bilər: Ermənistan da yekun addım atılmasında maraqlıdır

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində əldə olunmuş razılığa müvafiq olaraq Ermənistanın Tavuş vilayətinin Kirants kəndi ərazisində sonuncu üç ədəd sərhəd dirəyinin quraşdırılması başa çatıb. Bildirilib ki, artıq Ermənistan sərhədçiləri ərazidə xidmətə başlayıblar.

Bu arada Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədinin delimitasiya prosesi çərçivəsində əldə olunan irəliləyişi alqışlayıb. Aİ-nin bəyanatında deyilib ki, qurum 1991-ci il Almatı sazişi əsasında Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində əldə edilmiş irəliləyişi, xüsusilə də Ermənistan-Azərbaycan sərhəd komissiyalarının mayın 15-də keçirilmiş 9-cu görüşü zamanı imzalanmış protokolu dəstəkləyir:

"Aİ tərəfləri digər həll edilməmiş ikitərəfli məsələlərin həlli üçün əlavə qətiyyətli addımlar atmağa çağırır və Cənubi Qafqaz regionunda davamlı və dayanıqlı sülhün bərqərar edilməsi üçün səyləri dəstəkləməyə sadiqdir".

Qeyd edək ki, 2024-cü il mayın 15-də Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların doqquzuncu görüşü keçirilib. Görüşdə Azərbaycan-Ermənistan sərhədinin dörd hissəsində sərhədin müəyyənləşdirilməsinə dair protokol razılaşdırılıb. Latviya parlamentinin sədri Dayqa Mierinya da deyib ki, Latviya Bakı ilə İrəvan arasında dayanıqlı sülhün əldə olunmasında maraqlıdır. Mierinya Ermənistanla sülh danışıqlarında əldə olunan irəliləyişlə bağlı Azərbaycanı təbrik edib.

Politoloq İlqar Vəlizadə Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Azərbaycan-Ermənistan arasında sülh sazişinin yaxın dönəmdə imzalanacağı ilə bağlı nikbinliyə əsaslar var.

Ekspertin sözlərinə görə, bütün problemlərə, Ermənistandakı bəzi revanşist dairələrin dirənişinə və etirazlara rəğmən, sərhədlərin delimitasiya və demarkasiya işi sürətlə və plan üzrə gedir:

"Ermənistanda baş verənlər ümumi prosesə ciddi təsir göstərə bilmir. Bütün bunlar sülhlə bağlı pozitivlik üçün əsas yaradır və ümid verir”.

Müsahibimiz qeyd edib ki, amma bir çox məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır. Əsasən də kommunikasiyaların açılması məsələsinə tərəflərin fərqli baxışı ortaq məxrəcə gəlmək imkanı vermir. Onun sözlərinə görə, ancaq müzakirələr davam edərsə, mütəmadi görüşlər olarsa, tərəflər yaxın aylarda ümumi formul tapa bilərlər:

İlqar Vəlizdə: Bir çox məsələ ilə bağlı tərəflər arasında fikir ayrılıqları qalmaqdadır

“Hər halda Ermənistan tərəfi sülh kəsişməsi ilə bağlı prosesin irəliləməsində və yekun addım atılmasında maraqlıdır. Bu da kommunikasiyaların açılmasından keçir. Kommunikasiyaların açılması regional sülh gündəliyində duran əsas məsələlərdir. Tərəflərin ümumən nikbin və qətiyyətli olması deməyə əsas verir ki, sülh müqaviləsi yaxın müddətdə, ilin sonunadək imzalana bilər”.

“Lakin yenə deyirəm, hər şey hadisələrin gedişatından, aparılan danışıqlardan və onların nəticələrindən asılıdır. Sülh prosesinin konkretləşməsi üçün konkret də danışıqlar və razılaşmalar lazımdır. Ümid edilir ki, dəyişən regional gündəm və prosesin sürətlənməsi ortaq məxrəcə gəlinməsinə şərait yaradacaq", - deyə İlqar Vəlizadə bildirib.

Aydın Baxış


SON XƏBƏRLƏR

26 Iyul 2024