• Bakı 19° C

    11.54 m/s

  • USD - 1.7

    EUR - 1.9592

    RUB - 2.1249

Tarixdən dərs, gələcəyə baxış - Əkbər Qoşalı yazır 
YAZARLAR
15 Iyun 2025 | 10:23

Tarixdən dərs, gələcəyə baxış - Əkbər Qoşalı yazır 

Əkbər Qoşalı

1993-cü ilin kritik iyun günlərində ölkənin taleyi, bəlkə də, bir neçə saatlıq fərqlə başqa bir istiqamət ala bilərdi... 

15 İyun – Müstəqil Azərbaycan Respublikası tarixinin, dövlətçilik təfəkkürünün və milli iradənin önəmli günlərindəndir. Bu gün sadəcə bir təqvim xatırlatması olmayıb, siyasi-hərbi gərginlikdən uhulət-suhulətli müəyyənliyə, sabitliyə, güclü dövlətə keçidin simvoludur.

Bugünkü Azərbaycan Respublikasının dayanıqlı institusional əsasları, siyasi sabitlik platformu və uluslararası müstəvidə artan nüfuzu həmin tarixi dönüşün strateji sonuclarındandır. Politoloji baxımdan, 15 İyun hadisəsini, ingilis demiş, “regime transformation” - bir “sistem dəyişimi” kimi dəyərləndirmək mümkündür.

1991-1993-cü illər Azərbaycanın müstəqillik tarixində, “turbulent” - yəni çalxantılı keçid dönəmi kimi xarakterizə oluna bilər. O dönəmdə institusional zəiflik, siyasi səriştəsizlik və güc vakkumu milli təhlükəsizlik üçün ciddi təhdidlər yaratmışdı. Ermənistanın işğalçılıq siyadətində ardıcıl məğlubiyyətlər, Gəncə hadisələri, içəridə hakimiyyət böhranı dövlətimizin ciddi təhlükələrlə üz-üzə olduğunu göstərirdi.

Məhz bu kontekstdə Heydər Əliyevin qayıdışı - bir xalqın öz taleyini yenidən idarə etmək haqqını bərpa etməsi idi. Onun ilk illərdəki fəaliyyəti sırasında qəbul olunan siyasi qərarlar – atəşkəs, Anayasa quruculuğu, uluslararası enerji anlaşmasının imzalanması (20.09.1994/“Gülüstan”), dış siyasətdə dəngə strategiyası – Azərbaycanın müstəqil inkişaf xəritəsini müəyyənləşdirdi.

Politoloji nəzəriyyələrdə “xilasedici liderlik” konsepti var – bu, yalnız fövqəladə ortamlarda ortaya çıxan və toplumun parçalanma təhlükəsi qarşısında onu yenidən bir araya gətirən lider modelidir. Heydər Əliyev bu modeli təkcə təcəssüm etdirmədi, onu bölgə miqyasında örnəyə çevirdi. Bugünkü Azərbaycan dövlətinin siyasi sabitlik fəlsəfəsi, idarəçilik mədəniyyəti və strateji davamlılığı bu modelin əsas sütunlarına əsaslanır.

Müstəqil Azərbaycanın uğur hekayəsi transformasiya örnəyi kimi araşdırılmağı, öyrənilməyi haqq edir. Bu gündən baxdıqda, 15 İyun - ata vəsiyyətini yerinə yetirmiş Müzəffər Ali Baş Komandanın başçılığı ilə Qalib Azərbaycan olmağımızdır. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə bölgəmizdə güc mərkəzinə çevrilibsə, məhz 1993-cü ilin həmin taleyüklü seçimi bunun təməlində dayanır.

Bu baxımdan 15 İyunu həm də “tədris günü” kimi qiymətləndirmək mümkündür. Dövlətçilik düşüncəsinin, milli iradənin, liderlik məsuliyyətinin və tarixi yaddaşın bir araya gəldiyi bu gün, gələcək nəsillər üçün həm də bir siyasi məktəbdir.

Dövlətimiz zaval görməsin!


SON XƏBƏRLƏR