Bakı–Qazax–Bakı dəmir yolu marşrutunun bərpası Qazax rayonunun sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov Qazaxa təşkil olunan mediatur zamanı jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, 2019-cu ilə qədər Qazax istiqamətində hərəkət edən qatarlar yataq tipli olub: “Hazırda isə bu istiqamətdə oturacaq tiplə təchiz olunmuş qatarlardan istifadə edilir. Bakı–Qazax və əks istiqamətdə hərəkət edən qatarlar İsveçrənin “Stadler Rail” şirkəti tərəfindən istehsal edilib. Qatarlar gündə iki dəfə – səhər və axşam reysləri ilə fəaliyyət göstərəcək. Hər qatarda 240-dan çox oturacaq mövcuddur. Bu yenilik nəticəsində “Azərbaycan Dəmir Yolları” əlavə olaraq 10 minə yaxın sərnişin daşıyacaq”.
"Əvvəl sərnişinlər Bakıdan Qazaxa 2019-cu ilin dekabr ayına qədər fəaliyyət göstərən qatarla 8 saat 25 dəqiqəyə çatırdısa, indi bu müddət 5 saat 36 dəqiqəyə enib. Beləliklə, Bakı–Ağstafa marşrutunun Qazaxa qədər uzadılması bölgə sakinlərinin nəqliyyat ehtiyacını daha dolğun şəkildə qarşılayacaq. Beləliklə, Qazax əhalisi daha rahat, təhlükəsiz və sərfəli səyahət imkanı əldə edəcək”.- deyə o bildirib.