2025-ci il iyunun 14-də saat 15:30 radələrində Bakı–Quba avtomobil yolunun Şabran rayonu ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Bakıvaxtı.az xəbər verir ki, bununla əlaqədar Baş Dövlət Yol Polisi İdarəsinin xəbərdarlıq yayıb:
- Bakı şəhər sakini, 1986-cı il təvəllüdlü Xəlilov Teyyub Məmməd oğlunun idarə etdiyi “Hyundai SantaFe” markalı, 10-TK-527 dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdə olarkən sürücü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət olub.
Qəza nəticəsində avtomobildə olan azyaşlı sərnişin – sürücünün oğlu, 2022-ci il təvəllüdlü Xəlilov Fəhad Teyyub oğlu hadisə yerində həyatını itirib. Digər sərnişinlər – 1962-ci il təvəllüdlü Abdullayeva Sevinc və 1988-ci il təvəllüdlü Abdullayeva Şəbnəm müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Bu faciə bir daha göstərir ki, sürət sadəcə texniki göstərici deyil – həyatla ölüm arasındakı incə sərhəddir.
Baş Dövlət Yol Polisi İdarəsi hərəkət iştirakçılarına bir daha xatırladır:
- Sürət həddini aşmayın;
- Yol və hava şəraitinə uyğun hərəkət edin;
- Sükan arxasındakı məsuliyyətsizlik təkcə sürücünün deyil, avtomobildəki hər kəsin həyatını riskə atır.
Unutmayın: Yüksək sürətə yox demək – evə sağ qayıtmaq deməkdir.