“Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimat” təsdiq edilib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiyası qərar verib.
Qərarda bildirilib ki, “Təhlükəli və təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələrin təsnifatı və meyarları haqqında Təlimat” “Hidrometeorologiya fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin birinci hissəsinə əsasən hazırlanıb.
Təhlükəli meteoroloji hadisələr aşağıdakılardır:
Güclü külək - Yer səthinə yaxın küləyin orta sürəti 15-18 m/san (7 bal) və ani maksimal sürəti – 20-23 m/san olan külək;
Fırtına, tufan və ya qasırğa - orta sürəti 19 -23 m/san (8-9 bal) və ani maksimal sürəti (küləyin həmləsi) 24-28 m/san olan külək;
Güclü qar - 12 saat və daha az müddətdə miqdarı 20 mm və daha çox olan qar;
Çovğun - orta sürəti 11-14 m/san olan küləklə müşayiət olunan və meteoroloji görünüş məsafəsini 500 m-dək məhdudlaşdıran qarlı hava;
Toz (qum) fırtınası - meteoroloji görünüş məsafəsini 500 m-dək məhdudlaşdıran, orta sürəti 15 m/san - dən çox olan külək vasitəsilə toz və ya qumun daşınması;
Güclü buzbağlama (sırsıra) - yağış və ya sis (duman) damcılarının donması ilə yer səthində, yollarda, dirəklərdə, ağaclarda, naqillərdə və ya digər əşyaların üstündə yaranan sıx buz qatı;
Güclü duman - 12 saat və daha çox müddətdə yer səthinə yaxın görünüş məsafəsinin 50 m və daha az məsafədə məhdudlaşmasına səbəb olan atmosfer hadisəsi;
Ekstremal isti - havanın maksimum temperaturu 400C-dən çox və ya davamiyyəti 5 gündən artıq olmaqla maksimum temperaturu 350C-dən çox olan hallar;
İsti hava dalğası – ilin isti dövründə 5 gün və daha çox davam edən müddətdə havanın maksimum temperaturunun normadan 50C və daha yüksək olması;
Anomal soyuq hava - Abşeron yarımadasında noyabr-mart aylarında şimal istiqamətli küləklərin gücləndiyi 2 gün və daha çox davam edən müddətdə havanın sutkalıq minimum temperaturunun 00C və daha az olması, Respublikanın digər ərazilərində noyabr-mart aylarında 5 gün və daha çox davam edən müddətdə havanın sutkalıq minimum temperaturunun normadan 50C və daha az olması;
Quraqlıq - 30 gün və daha çox müddətdə yağıntının normadan az, temperaturun yüksək və nisbi rütubətin aşağı olduğu müşahidə olunan meteoroloji şərait meteoroloji və ya atmosfer quraqlığı adlanır. Bu zaman quraqlıq (yağıntı normadan orta yayınma hüdudunda az olanda) sərt (yağıntı normadan 1,5 ortakvadratik yayınma miqdarı hüdudunda az olanda) və çox sərt (yağıntı normadan 1,5 ortakvadratik yayınma miqdarından çox hüdudda az olanda) kimi səciyyələnə bilər.
Əgər meteoroloji quraqlıq çaylarda və sututarlarda su ehtiyatlarını azaltmaqla su balansında və su təchizatında çatışmazlıq yaradarsa, bu zaman hidroloji quraqlıq müşahidə oluna bilər. Çaylarda hidroloji quraqlığı, su resurslarının norma ilə müqayisədə azalmasını meteoroloji quraqlığa tətbiq edilən yanaşmaya uyğun səciyyələndirmək olar. Meteoroloji və hidroloji quraqlıq zamanı torpağın rütubəti az olur, yüksək temperatur və külək torpaq və bitki səthindən buxarlanmanı artırır, kənd təsərrüfatı məhsuldarlığına ciddi mənfi təsir göstərir və kənd təsərrüfatı quraqlığı müşahidə olunur;
Yanğın təhlükəsinin fövqəladə dərəcəsi - yanğın təhlükəsi göstəricisi 5-ci sinfə aid (Nesterov düsturuna əsasən ≥12000 °C) fövqəladə vəziyyət.
Təhlükəli aqrometeoroloji hadisələr aşağıdakılardır:
Ayaz (şaxta) - Havanın müsbət orta sutkalıq temperaturları fonunda kənd təsərrüfatı bitkilərinin aktiv vegetasiyası və ya yığımı (biçini) dövründə havanın və ya torpaq səthinin (bitki örtüyünün) temperaturunun 10 şaxtaya qədər və ya daha aşağı düşməsi;
Quru (isti) külək - taxıl bitkilərinin çiçəklənmə - yetişmə dövründə davamlı olaraq 3 gün və ya daha çox, hər hansı bir müşahidə saatında nisbi rütubətlilik 30% və daha az, temperatur 25° C-dən yuxarı olan hava şəraitində sürəti 7 m/san və ondan çox olan külək;
Torpaq quraqlığı - kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə ardıcıl olaraq ən azı 3 ongünlük müddətdə 0-20 sm torpaq qatında məhsuldar rütubət ehtiyatları 10 mm-dən çox olmadıqda və yaxud quraqlıq dövrünün əvvəlində 0-100 sm qatdakı məhsuldar rütubət ehtiyatları 50 mm-dən az olduğu halda, ardıcıl ən azı 2 ongünlük təyin müddətində 0-20 sm torpaq qatında məhsuldar rütubət ehtiyatları 10 mm-dən çox olmadıqda qeydə alınır;
Torpağın həddən artıq rütubətlənməsi - kənd təsərrüfatı bitkilərinin vegetasiyası dövründə əgər 20 gündən az olmayaraq (yığım və ya biçin müddətində 10 gün) rütubətliyin gözəyarı (vizual) qiymətləndirilməsinə görə 10-12 sm dərinlikdəki torpağın yapışqan və ya maye vəziyyətində olması halıdır. 4-5 gündən çox olmayan müddətdə (dövrün davamiyyəti 20%-dən çox olmayan) torpağın yumşaq plastik və ya başqa bir vəziyyətə keçməsi də mümkündür;
Üst torpaq qatının donması - 2 sm-ə qədər üst torpaq qatının ən azı 3 gün davam edən erkən (orta uzunmüddətli dövrdən 10 gün və daha erkən) donmasıdır.
Təhlükəli hidroloji hadisələr aşağıdakılardır:
Suyun yüksək səviyyəsi (gursululuq, daşqın, tıxac, şişmə, qalxma və s.) - yaşayış məntəqələrinin alçaq ərazilərində yerləşən sahələrin, yolların, təsərrüfat sahələrinin, su basma təhlükəsi yarandığı vəziyyət;
Suyun aşağı səviyyəsi - çaylarda səviyyənin kəskin azalması və ekoloji axımın təmin olunmaması;
Daşqın - şiddətli və davamlı yağışlardan sonra çaylarda su səviyyəsinin, su sərfinin artması ilə xarakterizə olunan və ilin müxtəlif fəsillərində təkrarlana bilən su rejimi fazası;
Sel - dağ və dağətəyi çaylarda şiddətli yağışlardan və ya davamlı əriyən qar sularından yaranan, müxtəlif gətirmələrlə zəngin olan dağıdıcı qüvvəyə malik qısamüddətli su axını;
Suyun yuxarı səviyyəsi - daşqın və sel zamanı suyun səviyyəsinin artaraq məcradan kənara çıxması.
Dəniz üzrə təhlükəli hidrometeoroloji hadisələr aşağıdakılardır:
Güclü dalğalanma - dalğanın hündürlüyünün 3 m və daha çox olduğu hal;
Dəniz səviyyəsinin təhlükəli həddi - səviyyənin düşməsinin və ya qalxmasının nəqliyyatın hərəkətinin məhdudlaşmasına, yaşayış məntəqələrini su basmasına, sahilyanı tikinti obyektlərinin su altında qalmasına, balıqların məhvinə və s. səbəb olduğu hallar hesab edilir və səviyyənin təhlükəli hədləri kimi -26,50 m və - 28,50 mBS götürülür;
Qovulma və gətirilmə hadisəsi - dalğalanma, küləyin qovma və gətirmə təsiri altında dənizin sahilyanı hissələrində və ya çayların dəniz mənsəblərində dəniz səviyyəsinin yüksəlməsi və düşməsi;
Güclü duman - açıq dənizdə görünüşün 100 m və daha az olduğu hal;
Buz axınları - havanın temperaturunun kəskin aşağı düşməsi nəticəsində dənizin şimal hissəsindən hərəkət edən buzların gəmi nəqliyyatı, dənizdəki qurğular və sahil zonaları üçün təhlükə yaratdığı hal hesab edilir;
Güclü külək - sahilboyu rayonlarda küləyin orta sürətinin 12 m/san, açıq dənizdə isə 15 m/san və daha çox olduğu hal;
Fırtına, tufan və ya qasırğa - orta sürəti 19-24 m/san (8-9 bal) və ani maksimal sürəti (küləyin həmləsi) 25-29 m/san olan külək.
Təbii fəlakət törədə bilən təhlükəli meteoroloji hadisələr aşağıdakılardır:
Şiddətli fırtına, tufan və ya qasırğa - orta sürəti 24-28 m/san (10-11 bal) və ani maksimal sürəti (küləyin həmləsi) 29-34 m/san-dək olan külək;
İfrat təhlükəli hidrometeoroloji hadisə - orta sürəti 29-34 m/san (12 bal) və ondan çox olan külək; ani maksimal sürəti 35-40 m/san və daha yüksək olan külək;
Güclü toz (qum) fırtınası - meteoroloji görünüş məsafəsini 200 m və daha az məhdudlaşdıran, orta sürəti 19 m/san-dən çox olan külək vasitəsilə böyük həcmdə toz və ya qumun daşınması;
Burulğan, xortumlu burulğan - topa yağış buludundan yer səthinə istiqamətlənmiş, havanın şaquli və ya maili oxu ətrafında güclü fırlanma hərəkətindən əmələ gələn diametri yer səthində bir neçə metr təşkil edən dağıdıcı gücə malik xortuma bənzər atmosfer hadisəsi;
Güclü yağış - (və ya qarla yağış birlikdə) - 12 saat və daha az müddətdə miqdarı 25 mm və daha çox olan yağıntı;
Davamlı güclü (ekstremal) yağış - 48-72 saat müddətində miqdarı 100 mm və daha çox olan yağıntı və ya 24 saat ərzində və daha az müddətdə ərazinin yerli iqlim və relyef şəraitdən asılı olaraq aylıq iqlim normasına yaxın (80-120%) və daha çox yağıntının miqdarı;
Qısamüddətli intensiv yağış və ya güclü leysan - 1 saat və daha az müddətdə miqdarı 20 mm və daha çox olan yağıntı;
Dolu - diametri 20 mm və daha çox olan, sıx buz şəklində düşən və həmçinin kənd təsərrüfatına böyük ziyan vuran daha kiçik ölçülü intensiv dolu;
Güclü çovğun - orta sürəti 15 m/san-dən çox olan və çox güclü küləklə müşayiət olunan, meteoroloji görünüş məsafəsini 200 m-dək məhdudlaşdıran qarlı hava;
Təbii fəlakət törədə bilən təhlükəli hidroloji hadisələr:
Qar uçqunu - insanların həyatına, iqtisadiyyat obyektlərinə və təbii mühitə təhlükə törədə biləcək qarın yüksək maillikli dağ yamacı boyu sürətli və qəfil hərəkəti;
Su basma - daşqın və sel zamanı su səviyyəsinin kəskin qalxması nəticəsində subasardan kənar ərazilərin su altında qalması;
Güclü sel və daşqın zamanı yaşayış məntəqələrinin çayətrafı ərazilərində yerləşən sahələrinin, yolların, təsərrüfat sahələrinin, sənaye obyektlərinin ciddi su basma təhlükəsinə məruz qalması;
Dəniz üzrə təbii fəlakət törədə bilən təhlükəli hidrometeoroloji hadisələr aşağıdakılardır:
Şiddətli fırtına, tufan və ya qasırğa - orta sürəti 25-29 m/san (10-11 bal) və ani maksimal sürəti (küləyin həmləsi) 30-34 m/san-dək;
İfrat təhlükəli hidrometeoroloji hadisə - orta sürət 30-34 m/san (12 bal) və ondan çox olan külək; ani maksimal sürəti 35-40 m/san və daha yüksək olan külək.
Qeyd: Küləyin gücünün yer səthindən 10 m yüksəklikdə Bofort şkalası ilə qiymətləndirilməsi aşağıdakı cədvələ uyğun müəyyən edilir:
Küləyin gücü, balla | Küləyin sürəti, m/san | Küləyin təsiri |
0 | 0-0,2 (0) | Tüstü bacalardan düz qalxır, ağacların yarpaqları tərpənmir. |
1 | 0,3-1,5 (1) | Tək-tək yarpaqlar silkələnir, tüstü bacalardan bir qədər əyri qalxır. |
2 | 1,6-3,3 (3) | Havanın hərəkəti hiss olunur, yarpaqlar arabir xışıldayır. |
3 | 3,4-5,4 (4) | Yarpaqlar və nazik budaqlar tərpənir, külək yuxarıdakı bayraqları yellədir. |
4 | 5,5-7,9 (7) | Külək tozu və nazik kağız parçalarını havaya qaldırır, ağacların nazik budaqlarını hərəkətə gətirir. |
5 | 8,0-10,7 (9) | Budaqlar tərpənir, cavan ağacların gövdələri silkələnir, külək əllə hiss olunur. |
6 | 10,8-13,8 (12) | Ağacların qalın budaqları yellənir, nazik ağaclar əyilir, telefon naqilləri uğuldayır, çətirlərdən çətinliklə istifadə olunur. |
7 | 13,9-17,1 (15) | Ağacların gövdəsi yırğalanır. Küləyə qarşı hərəkət çətinləşir. Hərəkətsiz əşyaların və tikililərin yanında küləyin fiti eşidilir. |
8 | 17,2-20,7 (19) | Böyük ağaclar tərpənir, xırda budaqlar və quru qanadlar qırılır. Küləyə qarşı hərəkət hissedilən dərəcədə çətinləşir. |
9 | 20,8-24,4 (23) | Zəif tikililərdə çox da böyük olmayan zədələnmələr müşahidə olunur. Külək ağacların böyük qanadlarını qırır, damların bacalarını qoparır. |
10 | 24,5-28,4 (26) | Dağıntılar müşahidə edilir. Külək bəzi ağacları yıxır və kökündən qoparır. |
11 | 28,5-32,6 (31) | Külək xeyli dağıntılar törədir, ağacların gövdəsini sındırır.
|
12 | 32,7 və daha artıq
| Çox nadir hallarda müşahidə olunur. Böyük dağıntılara səbəb olur, ağacları kökündən çıxarır. |
Bakı 




