Məlum olduğu kimi, 2023-cü il 7 oktyabr tarixində İsrail müdafiə qüvvələri Qəzza zolağından atılan kütləvi raket atəşi fonunda müharibə hazırlığı vəziyyəti elan edib. Təəssüf ki, müharibə hələ də davam edir. Hər iki ölkədə uşaqdan böyüyə minlərlə insan həlak olub.
Müharibə başqa ölkələrlə münasibətlərin pozulmasına da təsir edir. Belə ki, müharibədən əvvəl Türkiyə və İsrail arasında münasibətlərin normallaşma prosesi gedirdisə, indi bu hiss olunmur.
Bundan sonra Türkiyə-İsrail münasibətləri necə olacaq?
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, Türkiyə-İsrail münasibətlərinin yaxşı olması bizim də maraqlarımıza uyğundur: “Çünki hər ikisi Azərbaycanla normal münasibətləri olan dövlətlərdir. Daha dəqiq desək, Türkiyə bizim strateji müttəfiqimiz, qardaş dövlətdir. İsrail ilə də sıx münasibətlərimiz var. İki dövlət arasında münasibətlərin yaxşı olması bizim üçün uyğun məqam idi. Təəssüf ki, İsrail ilə Fələstin arasında yaranan gərginlik Türkiyə-İsrail münasibətlərini də gərginləşdirib”.
Müsahibimiz hesab edir ki, bundan sonra gərginliyin davam etmə ehtimalı ola bilər: “Çünki İsrail öz inadından, qarşısına qoyduğu hədəfdən geri çəkilmir. Türkiyə üçün Fələstin məsələsi prinsipial əhəmiyyət kəsb edən məqamlardan biridir. Orada müsəlmanların müdafiəsi Türkiyə üçün çox ciddi bir məsələdir”.
Mübariz Göyüşlü: Türkiyə-İsrail münasibətlərinin yaxşı olması bizim də maraqlarımıza uyğundur
Onun sözlərinə görə, İsrail bu cür hərbi fəaliyyətlərdən çəkinməli, bu hərbi hərəkata son qoymalıdır: “Əks təqdirdə, İsrailin Türkiyə də daxil olmaqla, bir çox müsəlman ölkələri ilə münasibətlərinin pisləşdiyinin şahidi ola bilərik. Bu isə, təbii ki, faydalı bir məqam deyil. Belə olduqda ümumən bölgədə vəziyyət gərginləşir. Vəziyyət gərginləşdikcə müharibə və münaqişə ocaqlarının artması bölgə dövlətləri üçün daha da təhlükəli hal ala bilər”.
Aytac Aslan