Türkiyənin zəlzələdən zərər görmüş Şanlıurfa bölgəsində sel nəticəsində ölənlərin sayı artıb.
Bakıvaxtı.az xəbər verir ki, ölənlərin sayı 14-ə çatıb.
İtkin düşən beş nəfərin axtarışları davam edir.
***
17:57
Türkiyədə sel nəticəsində ölənlərin sayı artır.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, fəlakət nəticəsində Şanlıurfada 11, Adıyamanda 2 nəfər həyatını itirib.
Beləliklə, iki şəhərdə baş verən sel fəlakətində həyatını itirənlərin sayı 13-ə yüksəlib.
***
16:03
Şanlıurfada sel səbəbiylə ölənlərin sayı artır.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, sel nəticəində ölənlərin sayı 9 nəfərə çatıb. 2 nəfərin isə itkin düşdüyü bildirilir.
Adıyamanın Tut rayonunda bağdakı konteynerin su altında qalması nəticəsində isə 1 nəfər həyatını itirib. Məlumata görə, 3 nəfər itkin düşüb.
***
13:00
Şanlıurfada son illərin ən güclü yağışı sellərə səbəb olub.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Şanlıurfa valiliyi sel səbəbiylə 4 nəfərin həyatını itirdiyini açıqlayıb. Adıyamanda isə 1 nəfərin öldüyü, 4 nəfər isə itkin düşdüyü deyilir.
Dalğıclar bölgədə axtarış-xilasetmə işləri aparır. Şəhər mərkəzində yerləşən körpülü Abidə qovşağının altından keçməyə cəhd edən 6 nəfərin sel sularına düşdüyü bildirilir.
***
11:30
Zəlzələ fəlakətindən sonra dağıntıya çevrilən Şanlıurfa bu dəfə leysan yağışlarla mübarizə aparır.
Bakıvaxtı.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, dünən yağan yağışlar nəticəsində evlərlə yanaşı ictimai binalar və xəstəxanalar da selə təslim olub.
Sel suları yolları bağlayıb. Avtomobillər sel sularının altında qalıb.
Şanlıurfa valiliyi dərəyə və kanal yatağına yaxın evlərdə yaşayan vətəndaşları təhlükə səbəbindən evlərini boşaltmaları barədə xəbərdarlıq edib.
Valiliyin sosial media hesabından edilən digər açıqlamada isə Şanlıurfa Əyyubiyə Təhsil və Araşdırma Xəstəxanasında müalicə alan xəstələrin başqa xəstəxanalara köçürüldüyü və bununla bağlı bütün lazımi tədbirlərin görüldüyü bildirilib.
Murad Məmmədli




















