Bu il Azərbaycan beynəlxalq COP29 konfransına ev sahibliyi edəcək. Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) hər il keçirilir və sədrlik BMT-nin beş regionu arasında rotasiya olunur.
Bununla bağlı ölkədə ali təhsil müəssisələri 14-22 noyabr tarixlərində distant təhsilə keçid edəcəkdir.
Bəs ali təhsil müəssisələri distant təhsilə hazırdırlarmı?
Mövzu ilə bağlı Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Bakı Slavyan Universitetinin mətbuat katibi Aytəkin Nəsirova bildirib ki, bütün lazimi tədbirlər görülüb və şərair yaradılıb:
“Noyabrın 14-22 tarixlərində Bakıda keçiriləcək COP-29 konfransı ilə əlaqədar təlimata uyğun olaraq Bakı Slavyan Universitetində də distant formada təhsilə keçid ediləcəkdir. BSU onlayn tədris prosesinə yüksək səviyyədə hazırdır. Bununla bağlı artıq akademik heyət və tələbələrlə maarifləndirmə işləri aparılıb”.
Onun sözlərinə görə, professor-müəllim heyəti və təhsilalanların TEAMS platformasında təşkil ediləcək dərslərə girişinin təmin edilməsi üçün login-parollar işlək vəziyyətə gətirilib:
“Dərslərin distant şəkildə tədrisi üçün bütün lazımi tədbirlər görülüb və şərait yaradılıb”.
Azərbaycan Dillər Universitetinin mətbuat katibi Cavid Zeynallı da Bakıvaxtı.az-a bütün zəruri hazırlıqların olduğunu bildirib:
“Azərbaycan Dillər Universitetində dərslərin onlayn formada təşkili üçün bütün zəruri hazırlıqlar var. Yaxın keçmişdə - pandemiya günlərində dərslər tamamilə onlayn qaydada keçirilmişdir. Bu təcrübə var, hazırda bütün maddi-texniki təchizat onlayn təhsilə imkan verir”.
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) mətbuat katibi Elnarə Ömərova da həmkarlarının fikirlərinə qoşularaq Bakıvaxtı.az-a bildirib ki, UNEC pandemiya dövründə qazandığı təcrübə nəticəsinsə distant təhsilə hazırdır:
"Azərbaycan Dövlət İqtisad Universiteti noyabrın 11-22-də ölkəmizdə baş tutacaq COP29 ərəfəsində bütün dərsləri dərs cədvəlində heç bir dəyişiklik etmədən onlayn formada keçirəcək. Bu məqsədlə zəruri hazırlıq işləri aparılmaqda və tədbirlər görülməkdədir. Müəllimlərimizin evdən dərslərə qoşulması üçün bütün texniki tələblər təmin olunub”.
E.Ömərova qeyd edib ki, ehtiyac yarandığı halda, müəllimlər universitetdən dərslərə qoşulmaq imkanına da malik olacaqlar. Tələbələr isə yaşadıqları yerləri tərk etmədən mühazirə və məşğələ dərslərinə onlayn rejimdə rahat qoşula biləcəklər.
Nuriyyə Musayeva