Bəzən şəhərdə uşaqların hərəkət edən avtomobildə pəncərədən və ya lyukdan başını çölə çıxardığının şahidi oluruq. Ata-ana bunun qanun pozuntusu, eyni zamanda övladına həyati təhlükə yarada biləcəyinin fərqində belə olmurlar.
Bakıvaxtı.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyi (DİN) belə valideynlərə xəbərdarlıq edib. Nazirliyin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyevin sözlərinə görə, təəssüf ki, avtomobil yollarında belə hallara tez-tez rast gəlirik. Uşaqların bu cür davranışı həm onların özü üçün, həm də digər hərəkət iştirakçıları üçün ciddi təhlükə yaradır.
Məsələ ilə Bakıvaxtı.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov bildirib ki, yol hərəkəti qaydalarına etinasız yanaşma və onlara əməl olunmaması cəmiyyət tərəfindən birmənalı qarşılanmır.
Onun sözlərinə görə, bu vəziyyətin formalaşmasının müəyyən səbəbləri var. Ekspert qeyd edib ki, bəzən insanlar qaydalara əməl etməməyi özləri üçün üstünlük və ya fərqlilik göstəricisi kimi qəbul edirlər:
“Sanki qaydaları pozmaqla digərlərindən seçildiklərini düşünür, bunu stimullaşdırıcı bir amil kimi dəyərləndirirlər. Nəticədə belə hallar baş verir və təhlükəli davranışlar adi hala çevrilir”.
Aslan Əsədov, nəqliyyat məsələləri üzrə ekspert
Müsahibimiz son zamanlar xüsusilə gənclər arasında müşahidə olunan təhlükəli tendensiyalardan birinin azyaşlıların avtomobilin üst hissəsində hava çəkən qurğunun üzərində ayaqüstə getməsi olduğunu vurğulayıb. A.Əsədov bildirib ki, bu cür davranış birbaşa qanunla qadağan edilməsə də, mövcud qanunvericilikdə konkret olaraq bu hərəkətə görə cərimə nəzərdə tutulmasa da, həmin vəziyyət ciddi təhlükə yaradır.
“Avtomobildə hava çəkən qurğular zavod istehsalı olduğu üçün burada konstruktiv dəyişiklikdən söhbət getmir. Lakin həmin yer sərnişin daşınması üçün nəzərdə tutulmadığından, azyaşlının oradan yıxılması, hündürlük məhdudiyyətli ərazidən keçərkən başının dəyməsi və ya külək səbəbindən avtomobildən atılması ehtimalları real təhlükə yaradır.
Bu səbəbdən, belə davranışların yolverilməz olduğu ilə bağlı cəmiyyətin məlumatlandırılması və xüsusilə valideynlərin bu məsələdə daha diqqətli olması vacibdir”,- deyə Aslan Əsədov vurğulayıb.
Mina Mikayılova