Mobil telefon həyatımızın ayrılmaz hissəsinə çevrilib. İstənilən bir işimizi mobil zəng vasitəsilə həll edirik.
İş o yerə çatıb ki, artıq nəinki uşaqlar, hətta körpələrin əlində belə mobil telefonlar olur. Bunun günahkarı isə birbaşa valideynlərdir. Belə ki, evdə körpə ağlayanda, analar onu mobil telefonda hansısa cizgi filmi göstərməklə, oyun qoşmaqla sakitləşdirməyə çalışırlar. Bu isə təbii ki, onlarda mobil telefondan asılılıq yaradır.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan psixoloq Vəfa Rəşidovanın sözlərinə görə, demək olar ki, azyaşlıların telefon asılılığı yayğın hal alıb. Bu, artıq ciddi bir vəziyyət sayılır:
“Hər uşaq telefon və ya kompüter həvəskarı deyil. Ümumiyyətlə, uşağın sosial şəbəkəyə, telefona marağı çoxdursa və asılılığı varsa, valideyn onun üçün maraq dairəsi yaratmalıdır. Azyaşlı körpə nə edəcəyini bilmədiyindən bu asılılıq valideynlərin günahı hesab olunur. Uşaqlar ana və atadan nə görürsə, onu da təqlid edirlər. Bəzi valideynlər uşaqların başı qarışsın, sakitləşsin deyə də telefon verirlər, lakin bunun fəsadlarını gözə almırlar”.
Psixoloq bildirib ki, kiçik yaşlardan etibarən telefon və kompüterlərdən istifadə uşaqlarda diqqət əskikliyi, aqressiya, impulsivlik, davranış problemləri, hətta davranış pozuntuları, yuxu problemləri, iştahsızlığa qədər gətirib çıxara bilir:
"Uşaqlar sosial mediada keçirdikləri vaxt artdıqca real insanlarla ünsiyyət qurmaqda çətinlik çəkirlər. Bu, onların özünə inam səviyyəsini aşağı salır və sosial bacarıqlarının zəifləməsinə səbəb olur. Virtual mühitdə uşaqlar tez-tez özlərini başqaları ilə müqayisə edir və bu, narahatlıq, qısqanclıq, hətta depressiya kimi mənfi emosiyaların yaranmasına gətirib çıxarır. Uşaqlar uzun müddət ekran qarşısında hərəkətsiz qaldıqda onların fiziki fəallıq səviyyəsi kəskin azalır. Bu isə piylənmə, əzələ zəifliyi, duruş problemləri kimi xəstəliklərin yaranmasına şərait yaradır.
Gözlərin uzun müddət yaxın məsafəyə fokuslanması görmə qabiliyyətinin zəifləməsinə, göz yorğunluğuna və quru göz sindromuna səbəb ola bilər. Uşaqların qapalı məkanlarda oturaraq telefonlardan istifadəsi onların açıq havada, təbiət qoynunda oynamaq və hərəkətli fəaliyyətlərlə məşğul olmaq imkanlarını azaldır. Bu, uşaqların sümük və əzələ inkişafını ləngidir, koordinasiya və balans bacarıqlarını zəiflədir. Həmçinin, hərəkətsizlik uşaqlarda stress səviyyəsini artıra bilər, çünki təbii hərəkət və idman stressi azaltmaq üçün mühüm vasitələrdən biridir".
Vəfa Rəşidova: Uşaqların sosial mediada keçirdikləri vaxt artdıqca...
Psixoloq uşağı telefondan asılı olan valideynlərin nə etməli olduğundan da bəhs edib:
"Gün ərzində bir-biri ilə əlaqə qura bilərlər. Müəyyən oyunlar var ki, onlar həm valideyn, həm də uşaq tərəfindən oynanıla bilir, intellektual oyunlar var, onlardan istifadə edə bilərlər. Uzaq olanda görüntülü olaraq müzakirə apara bilərlər. Bu, ünsiyyət üçün də istifadə oluna bilər. Amma yan-yana olanda telefona ehtiyac yoxdur".
Nuriyyə Musayeva