Androiddə "WhatsApp" beta-versiyasının istifadəçiləri üçün mesaj tərcümə funksiyası aktivləşdirilib.
Bakıvaxtı.az xəbər verir ki, "WhatsApp"ın 2.25.12.25 Android versiyasını quraşdıranlar mesajları tərcümə etmək üçün dil paketlərini yükləyə bilərlər.
Dəstəklənən dillər arasında rus, ispan, ərəb, portuqal və hind dilləri göstərilib.
Bundan əlavə, istifadəçilər avtomatik dil müəyyənləşdirmə üçün xüsusi dil paketindən istifadə edə bilərlər ki, bu da bir neçə dilin istifadə olunduğu qrup söhbətlərində xüsusilə faydalıdır.
Qeyd olunur ki, bütün əməliyyatlar lokal şəkildə cihazda həyata keçirilir, yəni məlumatlar üçüncü tərəflərin serverlərinə və ya "Meta" şirkətinə ötürülmür.
Tərcümə funksiyası fərdi söhbətlərdə, qrup söhbətlərində və kanallarda istifadə üçün əlçatandır. Bununla belə, funksiya standart olaraq söndürülmüş vəziyyətdədir. Yaxın gələcəkdə dəstəklənən dillərin siyahısının genişləndirilməsi və əlavə dil paketlərinin tətbiqi gözlənilir.
Yeniliyin stabil versiyalarda nə vaxt istifadəyə veriləcəyi barədə məlumat yoxdur.