Yəməndə fəaliyyət göstərən husilər İran və İsrail arasında yenidən alovlanan qarşıdurmaya qoşularaq İsrail ərazisinə ballistik raketlər atıb.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, husilərin hərbi qanadı olan "Ənsarullah" hərəkatı İsraili hədəf aldıqlarını və Babül-Məndəb boğazının İsrail gəmilərinin üzünə bağlandığını açıqlayıb.
Məlumata görə, İranın İsrailə qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatı hücumlarından sonra husilər də əməliyyatlara qoşulub. İsrail tərəfi isə Yəməndən atılan raketlərin hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bildirib.
Qeyd olunub ki, bu hücum ABŞ ilə Yəməndəki husilər arasında 8 aprel tarixində əldə edilən atəşkəs razılaşmasından sonra husilərin İsrailə qarşı həyata keçirdiyi ilk raket hücumu olub.
Husilərin sözçüsü Yəhya Səri Qırmızı dənizdə İsrailə məxsus gəmiləri də hədəfə alacaqlarını bəyan edib. O, İsrailin bölgədəki dənizçilik fəaliyyətlərinə qadağa qoyduqlarını və İsrailə aid bütün fəaliyyətlərin onların hərbi qüvvələrinin hədəfi olacağını bildirib. Sözçü həmçinin İsrailin bölgədə gərginliyi artıran addımlarına eyni şəkildə cavab verəcəklərini və hücumların miqyasını genişləndirəcəklərini vurğulayıb.
Dünya Balakişiyeva,
BDU Jurnalistika fakültəsinin IV kurs tələbəsi
Bakı 



