• Bakı 27° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.9628

    RUB - 2.3656

Yollarda “ölüm zolağı” - Piyada ölümləri niyə artır?

CƏMİYYƏT

11 Iyun 2026 | 09:13

Yollarda “ölüm zolağı” - Piyada ölümləri niyə artır?

Son vaxtlar yol-nəqliyyat hadisələrinin, xüsusilə piyada ölümü ilə nəticələnən qəzaların sayı artır. Bu qəzaların əsas səbəbləri arasında sürət həddinin aşılması, piyadaların müəyyən olunmayan yerlərdən (xüsusən çoxzolaqlı yollarda) yolu keçməsi və hər iki tərəfin yol hərəkəti qaydalarına məsuliyyətsiz yanaşması dayanır.

Rauf Ağamirzəyev: Qanunvericilik və standartlarımızda da ciddi yeniləməyə ehtiyac var

Mövzu ilə bağlı Bakıvaxtı.az-a danışan nəqliyyat sahəsi üzrə ekspert Rauf Ağamirzəyev bildirib ki, ümumi olaraq dünyada qəzalar bir çox səbəblərdən fərqli şəhərlərdə baş verir. Onun fikrincə, əgər qəza ölümlə nəticələnirsə, demək, həyəcan təbili çalmağın zamanıdır. Müsahibimiz bildirib ki, bu qəzaların ilkin olaraq "qəza ocaq" xəritəsi formalaşdırılmalıdır. Dediyinə görə, qəzalarla bağlı məlumatlar hansı yolun hansı hissəsi, koordinatları da göstərilməklə əlçatan olmalıdır:

“Bu qəzaların sayı ölümlə nəticələnirsə və artıq 2-dən çoxdursa, bu, “qara nöqtə”dir və orada hər hansı bir infrastruktur həlləri edilməlidir”.

R.Ağamirzəyev qeyd edib ki, paytaxtda elə bir küçəmiz yoxdur ki, baryersiz onun səkisi olsun:

“Yəni, səkimiz baryerlidirsə, davamlı deyilsə, piyadanın hərəkəti xaotik olacaq. Səki bariyersizdisə, qısa zebralı keçidləri olmalıdır və keçidlərdə təhlükəsizlik nöqteyi-nəzərdən təhlükəsizlik təmin etməlidir. Belə ki, keçidlərə doğru zolaqlar ensizləşdirilməlidir, 2 zolaqdan artıqdırsa "təhlükəsizlik adacığı" ilə təmin olunmalıdır, həmin hissə "kontrast işıqlandırma" ilə işıqlandırılmalıdır. Belə növ həllər artıq dünyanın bir çox yerindı tətbiq olunur”.

Onun sözlərinə görə, dünyanın aparıcı dövlətlərinin tətbiq etdiyi yol hərəkəti təhlükəsizliyi ilə bağlı olan vision zero(yəni ölüm hallarına  dözümülük)siyasətinin ölkəmizdə tətbiqinə ehtiyac var.

Həmsöhbətimiz bildirib ki, digər məsələ odur ki, mövcud infrastruktur varsa belə, yəni yeraltı keçidlər varsa, yanında dublyor eyni səviyyəli zebralı keçidlər təmin olunmalıdır.

“Bu işləri görməklə yanaşı, bu, tədrisə də salınmalıdır” deyən ekspert qeyd edib ki, nəqliyyat sahəsində qərar qəbul edən mühəndislər, eyni ilə bu müasir yanaşmalarla bağlı ciddi təlimlərə cəlb olunmalıdır. Dediyinə görə, bu işlərlə bağlı Kütləvi İnformasiya Vasitələrində də ciddi maarifləndirmə, təbliğat işləri aparılmalıdır:

“Həmçinin qanunvericilik və standartlarımızda ciddi yeniləməyə ehtiyac var. Yəni, köhnə standartlar müasir Avropa standartları ilə hormanizasiya (uzlaşdırılmalıdır) edilməlidir. Nəzərə alaq ki, əhalinin 38%-i az mobillidir - uşaqlar, uşaqlı valideynlər, qocalar, hərəkət məhdudluğu olanlardır.

Bunları nəzərə alaraq şəhər infrastrukturu elə qurulmalıdır ki, hamı bu infrastrukturdan rahat istifadə edə bilsin. Yəni, yerin altına düşmədən, qalxmadan, rahat küçənin bir tərəfindən digər tərəfinə qanunu pozmadan keçə bilsin. Bunun üçün də, eyni səviyyəli keçidlərin sayını çoxaltmaq lazımdır”.

R.Ağamirzəyev vurğulayıb ki, səkiləri təxirə salınmadan abadlaşdırmaq lazımdır:

“Bu da dövlət proqramında 8.1.6.7 bənddə qeyd olunub. Bu, bir tələbdir. Bunun surətli icrasına ehtiyac var”.

Anar Abbasov: Piyada keçidləri fiziki qüsurlu şəxslərin də rahat keçməsi üçün əlverişli olmalıdır

Avtonəqliyyat üzrə mütəxəssis Anar Abbasov isə Bakıvaxtı.az-a deyib ki, piyadaların keçiddə vurulma halları, əsasən piyadaların və sürücülərin yol hərəkəti qaydalarını pozması nəticəsində olur, Onun sözlərinə görə, eyni zamanda burada piyada keçidlərinin sayının kifayət qədər olmaması, piyada keçidlərinin əlverişli olmamamsı da səbəb ola bilir:

“Məsələn, bizdə piyada keçidləri yaşayış məntəqəsində qanunvericiliyə uyğun olaraq, 150-300 metrdən bir qoyulmalıdır. Bəzən buna rast gəlmirik. Eyni zamanda əgər magistral yollar, yaşayış məntəqəsinin içindən keçirsə, bu zaman da 400-800 metrdən bir mütləq şəkildə piyada keçidi olmalıdır. Buna rast gəlinmədiyi halda, piyadalar məcbur keçiddən kənardan keçməli olur. Bu da yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır”.

Müsahibimiz qeyd edib ki, həmçinin piyada keçidləri fiziki qüsurlu şəxslərin də rahat keçməsi üçün əlverişli olmalıdır:

“Məsələn, yeraltı və yerüstü piyada keçidində mütləqdir ki, liftlər, eskolatorlar təmin edilsin. Lakin biz bunun da çatışmazlığını görürük. Bu da fiziki qüsurlu şəxslərin piyada keçidindən kənardan keçməsinə səbəb olur ki, bu da yol-nəqliyyat hadisələrinin baş verməsinə gətirib çıxarır”.

“Eyni zamanda sürücü də nəzərə almalıdır ki, yolun hərəkət hissəsinə xüsusilə də yaşayış məntəqəsində piyadanın çıxması ehtimalı var. “Yol hərəkəti haqqında” qanunun 50-ci maddəni nəzərə alsaq, orada sürücü təhlükəni görmə şəraitləri də nəzərə alınır. Təbii ki, bu da piyadaların keçiddə vurulmasının qarşısını xeyli ala bilər. Yəni sürücü diqqəti burada böyük faktordur”.

Zümrüd Abidqızı

BDU-nun Jurnalistika fakültəsinin IV kurs tələbəsi


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

10 Iyun 2026