“Yerli xalqların bilik və təcrübəsi iqlimə uyğun və dayanıqlı mənzil həllərinin əsas mənbələrindən biridir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa” sessiyasında Şəhər Mənzil Mütəxəssisləri Mərkəzinin (UHPH) Regional meneceri Marina Munoz Qarsia səsləndirib.
O bildirib ki, yerli xalqların torpaq hüquqları gələcəkdə əldə olunacaq nəticə kimi deyil, bütün müdaxilə və layihələrin başlanğıc prinsipi kimi qəbul edilməlidir.
Marina Munoz Qarsia qeyd edib ki, qadınların mənzil, torpaq idarəçiliyi və tikinti proseslərində iştirakı icmaların inkişafına birbaşa təsir göstərir:
“Qadınlar ənənəvi memarlıq, yerli materiallardan istifadə və su idarəçiliyi sahəsində mühüm bilik daşıyıcılarıdır və bu potensialın nəzərə alınmaması ciddi boşluq yaradır”.
O vurğulayıb ki, yerli xalqlar yalnız dəstəyə ehtiyacı olan qruplar deyil, həm də innovativ həllər yaradan tərəfdirlər.
Çıxış zamanı bildirilib ki, regionda ən dayanıqlı və iqlimə uyğun mənzil modelləri məhz nəsillər boyu formalaşmış yerli bilik və ənənələr əsasında ortaya çıxır:
“Əsas problem yerli xalqlarda innovasiya çatışmazlığı deyil, beynəlxalq və dövlət institutlarının bu bilikləri tanımaq, maliyyələşdirmək və genişləndirmək imkanlarının zəif olmasıdır”.
Zeynəb Rzayeva
Bakı 












