• Bakı 20° C

    5.84 m/s

  • USD - 1.7

    EUR - 1.9759

    RUB - 2.3815

Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər

SİYASƏT

22 May 2026 | 09:49

Avropa Parlamentinin deputatları qurumun Azərbaycanla bağlı siyasətini tənqid ediblər

Avropa Parlamentinin bir qrup deputatı təşkilatın Azərbaycanla əməkdaşlığı dayandırmasına səbəb olan hərəkətlərini tənqid ediblər.

Bakıvaxtı.az  “Report”a istinadən xəbər verir ki, dünən axşam Strasburqda Avropa Parlamentinin plenar iclasının sonunda Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığı dayandırmaq və "Euronest"dən çıxmaq barədə qərarı gündəliyə çıxarılıb.

Xüsusilə, Avropa Parlamentinin “Euronest”dəki nümayəndə heyətinin rəhbəri Sergey Laqodinski Bakını çıxma qərarını yenidən nəzərdən keçirməyə çağırıb. O qeyd edib ki, ölkə “Şərq tərəfdaşlığı” çərçivəsində regional dialoqun mühüm hissəsi olaraq qalır və onun Qara dəniz strategiyası, nəqliyyat əlaqəsi, energetika, rəqəmsal infrastruktur və regionda qarşılıqlı əməkdaşlıq layihələri üzrə müzakirələrdə iştirakı zəruridir.

Deputatların bir hissəsi çıxışlarında açıq şəkildə bildiriblər ki, Avropa İttifaqının və Avropa Parlamentinin özünün hərəkətləri Bakı ilə münasibətlərdəki böhranın səbəblərindən biri olub.

Ən kəskin çıxışlardan biri Avropa Mühafizəkarları və İslahatçılar qrupundan olan deputat Kristian Terheşin bəyanatı olub.

O bəyan edib ki, Azərbaycan parlamentinin qərarı Brüssel üçün həyəcan siqnalı olmalıdır. Terheş birbaşa Avropa Parlamentini ittiham edib ki, qurum apreldəki Ermənistanla bağlı qətnaməni Bakıya təzyiq aləti kimi istifadə edib: “Bu parlament (Avropa Parlamenti - red.) Ermənistanın demokratik inkişafı hissəsində hamımızın dəstəklədiyi 2026-cı il aprel qətnaməsini Azərbaycana hücum etmək üçün istifadə etdi, bu tamamilə lazımsız, ağılsız və əks-məhsuldar idi”.

Terheş xüsusi diqqəti ona yönəldib ki, məhz hazırda Ermənistan və Azərbaycan sülh sazişinin bağlanmasına yaxınlaşmağa çalışır: “Onilliklər boyu müharibələrdən sonra onlar nəhayət birlikdə işləyir və barışıq və sülh müqaviləsinin imzalanması üçün real səylər göstərirlər”. Onun fikrincə, bu fondа Avropa Parlamentinin hərəkətləri siyasi cəhətdən uzaqgörən görünmürdü.

O, həmçinin Avropa siyasətinin ümumi üslubunu tənqid edib: “Daimi moralizatorluq, ideoloji qınama ilə vəsvəsə - bu xarici siyasət deyil. Bu siyasi səbatsızlıq və geosiyasi intihardır”.

K.Terheş xəbərdarlıq edib ki, belə praktika artıq tərəfdaşların uzaqlaşmasına gətirib çıxarır: “Biz Gürcüstan və digər dövlətlərlə bağlı da eyni dinamikanı müşahidə edirik. Onlar ikili standartlar və təkəbbürlü yanaşma səbəbindən Avropa İttifaqındən getdikcə daha çox uzaqlaşırlar”.

Onun qiymətləndirməsinə görə, Aİ məhz Cənubi Qafqaz və Mərkəzi Asiyanın strateji əhəmiyyət kəsb etdiyi bir vaxtda mövqelərini itirmək riski ilə üzləşir: “Azərbaycan sadəcə Aİ-nin başqa bir tərəfdaşı deyil. O, Avropanın enerji təhlükəsizliyi və nəqliyyat əlaqəsi üçün əsas əhəmiyyətə malikdir”.

K.Terheş vurğulayıb ki, Azərbaycan Avropaya Rusiya qazından asılılığı azaltmağa kömək edib, yanacaq tədarük edir və Ukraynaya humanitar yardım göstərir: “Azərbaycan kimi ölkələrin uzaqlaşdırılması sadəcə məsuliyyətsizlik deyil, bu geosiyasi cəhətdən özünüməhvetmədir”.

Onun sözlərinə görə, Avropaya realizm, strateji düşüncə və qarşılıqlı hörmətə əsaslanan tərəfdaşlıq lazımdır, daimi nəsihətlər və özünü üstün hesab etmə hissi deyil.

“Patriots for Europe” qrupunun deputatı Anjelin Füre Bakı ilə münasibətlərdəki böhranı regionda Avropa strategiyasının iflası kimi təqdim edib: “Azərbaycanın “Euronest”dən çıxmaq qərarını sadəcə prosedur addımı hesab etmək olmaz. Bu Avropanın strateji cəzasıdır”.

A.Füre böhranı birbaşa Aİ-nin hərəkətləri ilə əlaqələndirib: “Biz sizin müdaxiləniz və Ermənistana münasibətdə yanaşmamızın bədəlini ödəyirik”.

Onun sözlərinə görə, Avropa eyni vaxtda Bakı ilə enerji əməkdaşlığını saxlamağa və siyasi təzyiqi gücləndirməyə çalışırdı: “Siz düşünürdünüz ki, qaz tədarükünü təmin edəcəksiniz, amma eyni zamanda bütün bu qətnamələri qəbul edirdiniz”.

A.Füre əlavə edib ki, Avropa nə humanitar məqsədlərə nail olub, nə də Azərbaycanla münasibətləri yaxşılaşdırıb.

O həmçinin Avropa strukturlarını dövlətlərin yerini tutmağa cəhddə ittiham edib: “Siz dərs keçmək üçün dövlətlərin rolunu öz üzərinizə götürdünüz”.

Daha sonra o geosiyasətə keçib və bəyan edib ki, Aİ bəyannamələrlə məşğul olarkən region Avropasız yenidən qurulmağa başlayıb. Onun sözlərinə görə, ABŞ administrasiyası Azərbaycan və Ermənistanın maraqlarını uzlaşdıraraq tranzit dəhliz yarada bilib.

A.Füre xüsusi diqqəti yeni marşrutun (“Tramp Marşrutu”, TRIPP - red.) artıq iqtisadi ölçü qazanmasına yönəldib: “Yeni strateji yol meydana çıxdı - sülh yolu və faktiki olaraq ABŞ kapitalı tərəfindən idarə olunan”.

“Geoiqtisadi baxımdan Avropa təcrid olunmuş vəziyyətdə qalıb, Mərkəzi Asiyanın yeni siması isə Aİ-siz formalaşır”, - deputat qeyd edib. Bu arada Avropa dünyanın öz gözləri önündə yenidən qurulmasını seyr etməyi dayandırmalıdır.

Onun son çağırışı Avropa institutlarına ünvanlanıb: “Dünyaya dərs verməyi və mühazirə oxumağı dayandırın. Ölkələrə öz işləri ilə məşğul olmağa imkan verin və yetkin realpolitikaya keçin”.

Deputat Tyerri Mariani öz tərəfindən bəyan edib ki, hazırda Cənubi Qafqaz unikal nöqtədədir, onilliklər boyu münaqişədən sonra Bakı və İrəvan sülhə yaxınlaşıb. O xatırladıb ki, əvvəllər tənzimləmə praktiki olaraq qeyri-mümkün hesab olunurdu: “Bu gün çoxlarının qeyri-mümkün hesab etdiyi baş verir - barışıq prosesi başlayır”.

Lakin onun fikrincə, Avropa Parlamenti əks istiqamətdə hərəkət edir, odun üstünə yağ tökən qətnamələr qəbul edir. Mariani qeyd edib ki, Azərbaycan Avropa Parlamenti ilə konstruktiv münasibətlər qurmaq istəyirdi, lakin qanuni narahatlıqları səbəbindən qapını bağlayıb".

“Qafqazda sülhə Avropa Parlamentinin müdaxiləsi ilə deyil, regiondakı danışıqlar yolu ilə nail olunacaq”, - o yekunlaşdırıb.

Avroparlamentçi Tomas Frölih Azərbaycan ətrafındakı böhranı Aİ-nin xarici siyasətinin daha geniş problemi ilə əlaqələndirib: “ABŞ və Çin ilə pis münasibətlər yaranıb, Rusiya ilə isə ümumiyyətlə münasibətlər yoxdur”.

Avropa İttifaqının tədricən dünya siyasətinin kənarında qaldığı təəssüratı yaranır, - o qeyd edib. Deputatın sözlərinə görə, Azərbaycan Avropa Parlamentinin mənəvi qiymətləndirmələrindən yorulub və o, bununla razı olduğunu bildirilib.

Frölih xəbərdarlıq edib ki, Bakı ilə davam edən münaqişə Avropanın energetikasına zərbə vura bilər: “Əgər biz Azərbaycanla bu cür ünsiyyət qurmağa davam etsək, bu Avropanın enerji təhlükəsizliyinə son zərbə ola bilər”.

Nəticədə müzakirələr zamanı sual yaranır - Avropa siyasətinin özü - qətnamələrin, təzyiqin, açıq məzəmmətlərin və dəyər ritorikasının birləşməsi - məhz Cənubi Qafqazın sülh tənzimləmə mərhələsinə daxil olmağa başladığı bir anda Aİ-nin strateji cəhətdən mühüm regionda nüfuzunu itirməsinə gətirib çıxarmadımı.


SON XƏBƏRLƏR

21 May 2026