“Yerli xalqların hüquqlarının qorunması və resurslara bərabər çıxış sosial ədalətin əsas şərtidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa” sessiyasında Meksikanın Xarici İşlər Nazirliyinin Vətəndaş Cəmiyyəti Təşkilatları ilə İş üzrə Baş direktoru Mariana Posada Lombana səsləndirib.
O bildirib ki, inkişaf anlayışı sosial ədalətdən ayrı düşünülə bilməz və dövlət siyasətləri cəmiyyətdəki dərin sosial və iqtisadi fərqləri azaltmağa yönəlməlidir.
Onun sözlərinə görə, Meksikada özünü yerli xalq nümayəndəsi kimi tanıdan təxminən 17 milyon insan yaşayır ki, bu da ölkə əhalisinin 15 faizini təşkil edir.
Mariana Posada Lombana qeyd edib ki, yerli xalqlar vahid anlayış deyil və onların hər birinin fərqli dilləri, etnik xüsusiyyətləri, yaşayış məkanları və ənənələri nəzərə alınmalıdır:
“Meksika Konstitusiyasının ikinci maddəsi yerli xalqların muxtariyyət, öz müqəddəratını təyin etmə, torpaqdan istifadə və təbii resurslardan faydalanmaq hüquqlarını tanıyır”.
O vurğulayıb ki, ölkədə yerli xalqlarla bağlı siyasətlərin həyata keçirilməsi üçün xüsusi dövlət institutları yaradılıb və afro-meksikalı icmalar da son illərdə dövlət siyasətlərinə daha geniş şəkildə daxil edilib.
Zeynəb Rzayeva
Bakı 




