• Bakı 21° C

    2.21 m/s

  • USD - 1.7

    EUR - 1.8082

    RUB - 0.0181

Heykəllərin hamam günü - Etibar Cəbrayıloğlu yazır
YAZARLAR
27 Aprel 2022 | 15:22

Heykəllərin hamam günü - Etibar Cəbrayıloğlu yazır

Etibar Cəbrayıloğlu

Yekə maşından düşən yekəxana Sultan düz eləyib moped sürənə 3-4 şillə ilişdirdi. Jurnalistlərə də hərdən belə dərs vermək lazımdı.

Şəxsən mənim əlimdə səlahiyyət olsa, göndərərəm onları Lənkərana tütün becərməyə, bir hissəsini də qovaram Zaqatalaya, qoy gedib orda kələm yetişdirsinlər. Hər şeyə bir “mız” qoyurlar, heç nəyi bəyənmirlər.

Deyəsən yadlarından çıxıb ötən günlər... Hisin-pasın, tər iyinin əlindən Bakıdakı heykəllərin yanından keçmək olmurdu. Gül kimi layihə əsasında heykəllərə hamam günü təyin elədik, kisələyib çimizdirdik, abırlı hala saldıq. Daş klassiklərin canı rahatlanmamış bəzi jurnalistlər aləmə çar çəkdilər, özlərinə əl qatdılar. Biri hətta götürüb yazdı ki, bəs amandı, qoymayın, Nəsimiyə soyuq olacaq. Nəsimi sevən tapılıb...

Ey bülbülü-qüdsi, nə giriftari qəfəssən,

Sındır qəfəsi, tazə gülüstan tələb eylə-

yazanda ona qarşı cinayət işi açılanda, şairin dərisi soyulanda harda idin, niyə səsin çıxmırdı? İndi nə olub heykəl hamamlanan kimi Nəsiminin Hüquqlarının Müdafiəsi Komitəsi yaradırsan?

Biri də var, səsi şəhəri götürüb başına. Bura bax, sən jurnalistsən deyə biz Puşkini hamama salmamalıyıq? Beşinci kalonun uşaqları gecələr şairin ətəyini o qədər yalamışdılar ki, Puşkinin əyindəki frak rəngini dəyişmişdi, qonaq-qaraya göstərməyə də utanırdıq.

Təmizlik axı, nə vaxtdan pis iş sayılıb? Sabir babamız sabun bişirtdirib satdırmırdı ki, camaat təmiz olsun?  Biz də həmin sabundan hazırlanan şampunla şairin heykəlini çimizdirmişik də, niyə boşuna hay-küy salırsınız?

Əlinə diktofon, mikrofon alan bəzi jurnalistlər heç bilmirlər “Leyli və Məcnun”u kim yazıb, Nizami, yoxsa Füzuli... Amma onların heykəlinə ilıq su dəyən kimi bir haray-həşir salırlar gəl-görəsən... Belələrini görəndə adam özünü yekə maşından düşən yekəxana Sultanın yerinə qoymaq istəyir. Bir dəli şeytan deyir Mehdi Hüseynzadənin əlindəki qumbaranı tolazlayasan bunlara tərəf, ya da Bəhram Gurun əlindəki qılıncla başlarını kəsəsən. Onda da deyəcəklər ki, bizi qırıb-çatırlar.  Vallah, bu cür insanlara söz tapmıram deməyə, hər işə “mız” qoymaq sənət deyil. Heykəllərin hamam günü kimi gözəl, tərtəmiz, şampun qoxulu  layihəyə çirkab atmaq istəyirlər. Nə gizlədim, şəxsən mənə 5 min manat versələr Koroğlunun heykəlini yumaram, amma xeyirxah insanlar meydana çıxıb bu işi görəndə, jurnalistlər niyə hay-küy salır, onu anlaya bilmirəm...

Hamamdan çıxan heykəllərə “Həmişə təmizlikdə” demək yəni bu qədər çətindir?


SON XƏBƏRLƏR

19 Aprel 2024