"Qalatasaray"da keçirdiyi dörd mövsüm ərzində Super Liqa çempionluğunu və ən çox qol vuran futbolçu titulunu qazanan Mauro İkardi, müqaviləsinin müddəti bitdikdən sonra "sarı-qırmızılar"la vidalaşıb. Dursun Özbek rəhbərliyi ilə razılığa gələ bilməyən argentinalı hücumçunun karyerasını hansı klubda davam etdirəcəyi maraq doğurarkən, gözlənilməz bir hadisə ortaya çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, "Sky Sport Italy"nın məlumatına görə, Mauro İkardi uzun illər oynadığı Seriya A-ya qayıda bilər. Məlumatda bildirilir ki, "Latsio"nun baş məşqçisi Gennaro Qattuzo Mauro İkardini heyətində görmək istəyir.
Paytaxt komandası rəsmi olaraq argentinalı hücumçu üçün mübarizəyə qoşulub və danışıqlara başlayıb. "Latsio"nun idman direktoru Angelo Fabiani şəxsən Mauro İkardi ilə əlaqə saxlayaraq Qattusonun onu komandada görmək istədiyini bildirib.
"Latsio"nun transferə çox maraq göstərdiyi və onu razı salmaq üçün çox səy göstərdiyi bildirilir, lakin Mauro İkardinin yüksək maaş tələbləri və Çempionlar Liqasında oynamaq məqsədinin hələlik həll edilməli olan maneələr olduğu deyilir.
İtalyan əsilli argentinalı Mauro İkardi karyerasının böyük bir hissəsini 2011-2019-cu illər arasında İtaliyada keçirərək "Sampdoria" və "İnter"də oynayıb. "İnter"də kapitanlıq vəzifəsinə yüksələn təcrübəli hücumçu PSJ-dəki karyerasından sonra "Qalatasaray"a keçib və sarı-qırmızılı azarkeşlər üçün unudulmaz oyunçulardan birinə çevrilib.
Murad Məmmədli
Bakı 











