Bizim işimiz quruculuqdur. Onlar bütün şəhər və kəndlərimizi viran qoyublar. Kəlbəcər şəhərində bir dənə salamat bina qalmamışdır.
Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcərə qayıdan sakinlərlə görüşündə deyib.
Dövlətimizin başçısı bildirib ki, Kəlbəcərin heç bir kəndində bir dənə də bina qalmamışdır:
"O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, 10 nəfər yox, kütləvi surətdə edirdilər. Onlar gərək bu məsələlərlə məşğul olsunlar, hansı cəmiyyətdə yaşayır Ermənistan? O cəmiyyət ki, işğal dövründə talançılığı özü üçün əsas gəlir mənbəyi etmişdir. Bu cəmiyyət xəstədir və mən bunu açıq deyirəm. Mən heç kimi təhqir etmək istəmirəm. Biz onlara nə etmişik ki, nə pislik etmişik ki, bu qədər vəhşiliklə üz-üzə qalaq?! Bütün şəhər və kəndlər dağıdılıb, məscidlər dağıdılıb, təhqir edilib, insanlar qətlə yetirilib, öldürülüb, yandırılıb. Hətta İkinci Qarabağ müharibəsindən sonra bizdən vasitəçilər tərəfindən vaxt istəmişdilər, burada öz şələ-şülələrini yığmaq üçün. Biz hətta vaxt da verdik onlara. Nə etdilər? Yandırdılar, ağacları qırdılar. İnsan bunu edər? Axı, bunu təkcə separatçıların başçıları etməyiblər. Kütləvi surətdə ediblər. Yəni, biz bilməliyik ki, kiminlə üz-üzəyik, bizim qonşumuz kimdir. Keçmişimizi heç vaxt unutmamalıyıq və ayıq olmalıyıq. Əminəm ki, bütün bu amillər imkan verəcək ki, üstünlük hər zaman bizdə olsun. Bu gün bunu yenə də deyirəm, biz qalib xalq kimi bəyan edirik. Biz o pisliyi, vəhşiliyi unutmayacağıq. Ancaq biz bundan sonra heç kimlə müharibə aparmaq fikrində deyilik. Əgər bizə qarşı hər hansı bir təhlükə çıxarsa, onda yenə də bizim dəmir yumruğumuzu hər kəs görəcək".