“Yerli xalqların mənzil problemi tarixi ədalətsizliklər və torpaqdan məhrumetmə siyasətinin nəticəsidir”.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri WUF13 çərçivəsində keçirilən “Yerli xalqların hüquqları üzrə dəyirmi masa” sessiyasında BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) nümayəndəsi Omar Siddiqui səsləndirib.
O bildirib ki, yerli xalqların adekvat mənzilə çıxışında mövcud problemlərin kökündə kolonializm, tarixi ədalətsizliklər və torpaqların sistemli şəkildə əllərindən alınması dayanır.
Onun sözlərinə görə, bu problemlər evsizlik, məcburi köçürülmə, torpaq zəbt olunması və icmaların öz tarixi ərazilərindən uzaqlaşdırılması kimi nəticələr yaradır:
“İqlim dəyişiklikləri, münaqişələr və inkişaf layihələri nəticəsində baş verən köçürülmələr yerli xalqların kimliyi və mədəniyyətinə ciddi təsir göstərir”.
Bildirilib ki, adekvat mənzil anlayışı yerli xalqlarla birlikdə formalaşdırılmalı və onların real ehtiyacları, təcrübələri və gözləntiləri nəzərə alınmalıdır.
Çıxış zamanı həmçinin vurğulanıb ki, yerli qadınlar, uşaqlar, əlilliyi olan şəxslər və yaşlılar mənzilə çıxış zamanı daha dərin ayrı-seçkilik və sosial təcridlə üzləşirlər.
O əlavə edib ki, yerli xalqların mənzil hüquqları UN-Habitat-ın qlobal fəaliyyətində əsas prioritet istiqamətlərdən biri olacaq.
Zeynəb Rzayeva
Bakı 












