• Bakı 14° C

    7.77 m/s

  • USD - 1.7

    EUR - 1.7938

    RUB - 1.6915

Zəfər - Qalib İbrahimoğlu yazır
YAZARLAR
07 Noyabr 2023 | 15:15

Zəfər - Qalib İbrahimoğlu yazır

Qalib İbrahimoğlu

Ali Baş Komandan bəyan etdi: Cəbrayıl şəhəri işğaldan azad edildi.

Prezident İlham Əliyev tvit paylaşdı: Füzuli şəhəri işğaldan azad edildi.

Dövlətimizin başçısı xalqa xoş müjdə verdi: Zəngilan şəhəri işğaldan azad edildi.

Daha bir xoş xəbər: Qubadlı şəhəri işğaldan azad edildi.

Prezident Azərbaycan xalqının 28 il səbirsizliklə gözlədiyi xəbəri verdi: Şuşa şəhəri işğaldan azad edildi.

Və bununla da, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Amma bu, son deyildi.

Azərbaycanın döyüş meydanında qazandığı böyük qələbə siyasi müstəvidə də öz təsdiqini tapdı – Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını işğaldan azad etmək məcburiyyətində qaldı və bununla da tarixi ədalət bərpa olundu.

Heç bu da son sayılmaz.

Şanlı Zəfərimizin 3-cü ildönümü ərəfəsində Azərbaycan Prezidenti İlham Əliyev üçrəngli bayrağımızı Xocavənd, Xocalı, Ağdərə. Əsgəran və Xankəndidə qaldırdı. Heç vaxt enməyəvək bayrağımız indi bütün azad olunmuş şəhər və rayonlarımızda dalğalanır.

Sonmu? Yox! Hədəf Zəngəzur dəhlizinin açılması, Qərbi azərbaycanlıların doğma, əzəli yurdlarına qayıtmasıdır.

Ali Baş Komandanın siyasəti nəticəsində o günləri də görəcəyik.

Sabah Zəfərimizin 3-cü ildönümünüdür. Qələbəmizin növbəti ildönümü Xankəndidə paradla qeyd ediləcək.

Paradı Ali Baş Komandan, Prezident İlham Əliyev qəbul edəcək. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.

Hərbi paraddan sonra Zəfər Günü azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etdiriləcək.

İşğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi parad keçirmişdi. Hansı ki, indi həmin hərbi texnikalar Bakıda - Qənimətlər Parkında nümayiş etdirilir.

***

... Fərhad dayı çənəsini əsasına dayayıb uzaqlara baxar, o qədər də yüksək olmayan səslə

Orda bir kənd var uzaqda

O kənd bizim kəndimizdir...

deyər, hər dəfə də 5-6 saniyə fasilə verib, davam edərdi:

Getməsək də, qalmasaq da,

O kənd bizim kəndimizdir.

Sonra yüksəkdən bir misra da deyərdi:

O kənd Xankəndimizdir...

Açığı, sonuncu misranın şeirdə olmadığını bilirdim. Hətta bir dəfə Fərhad dayıya “axı, şeirdə bu misra yoxdu” deyəndə, “ay oğul, nolsun, şair elə bil bizim üçün yazıb bunu. O misra da məndən olsun” cavabını verdi.

Xankəndidən danışanda adam doluxsunar, göz yaşını kimsəyə göstərməmək üçün üzünü yana çevirər, əlinin çölüylə gözünü silər, “ehh, qibləm Xankəndi” deyib söhbəti başqa səmtə daşıyardı.

Fərhad dayı Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra dünyasını dəyişdi. Xankəndiyə bayrağımızım sancıldığını nə eşidi, nə gördü. Amma indi ruhu şadd Fərhad dayınını. Nədən ki,

Orda bir kənd var uzaqda

O kənd bizim kəndimizdi

Gedirik də, qalırıq da

O kənd bizim kəndimizdi.

O kənd Xankəndimizdi...

O kənd Xankəndimizdi...

***

Şanlı Zəfərimiz dünya düzənini, dünya mizanını dəyişdi. İndi dünya ölkələri Azərbaycanla hesablaşır. Qələbəmiz haqq-ədalət tərəzisinin gözlərini əyilməyə qoymadı.

44 günlük Vətən müharibəsində qazandığımız qələbə tarix kitablarına yeni səhifələr yazdı.

Qələbə ədəbiyyatımızı da dəyişdi. Zəfər mahnılarımıza yansıdı.

2020-ci ilin noyabrın 8-dək Azərin

“Azərbaycan bayrağını

Qarabağdan asacağıq”

oxuyurdusa, indi

“Azərbaycan bayrağını

Qarabağdan asmışıq biz”

oxuyur...

... Sabah Zəfər Günümüzdür. Bir gün sonra isə Dövlət Bayrağı gününü qeyd edəcəyik.

Sənə zəfərlər yaraşır, Azərbaycan!

Başım üstə məğrur-məğrur dalğalanan bayrağına canım qurban, Azərbaycan!


SON XƏBƏRLƏR