• Bakı 13° C

    6.38 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.171

Atəşkəsdən sonra əsl mübarizə: ABŞ və İran nə qazandı, nə itirdi?

SİYASƏT

10 Aprel 2026 | 11:18

Atəşkəsdən sonra əsl mübarizə: ABŞ və İran nə qazandı, nə itirdi?

ABŞ ilə İran arasında əldə olunan iki həftəlik atəşkəs ilk baxışdan hərbi toqquşmanın dayandırılması kimi görünə bilər. Əslində isə bu razılaşma müharibənin bitməsi yox, onun siyasi mərhələyə keçməsi deməkdir. Məhz buna görə də “kim qalib gəldi” sualına sadə və birmənalı cavab vermək çətindir.

Hər iki tərəf öz ictimaiyyətinə üstünlük görüntüsü təqdim etməyə çalışır. Vaşinqton bunu güc tətbiq etməklə İranı geri addım atmağa məcbur etmiş aktor kimi göstərmək istəyir, Tehran isə ağır zərbələrə baxmayaraq rejimin çökmədiyini, dövlətin və idarəetmə sisteminin ayaqda qaldığını önə çəkərək bunu strateji dözümlülük nümunəsi kimi təqdim edir. Reallıq isə ondan ibarətdir ki, bu atəşkəs nə ABŞ-nin tam siyasi-hərbi diktəsi ilə formalaşıb, nə də İranın iddia etdiyi kimi onun maksimum tələblərinin qəbul edilməsi ilə.

Münaqişənin gedişi göstərdi ki, tərəflərin rəsmi ritorikası ilə real nəticələr arasında ciddi fərq var. İran daxilində səsləndirilən “qələbə” tezisi daha çox ideoloji və psixoloji səfərbərlik funksiyası daşıyır. Çünki Tehranın müxtəlif kanallarla dövriyyəyə buraxdığı geniş şərtlər paketi faktiki olaraq yekun razılaşmanın məzmunu kimi görünmür. Əksinə, həmin tələblərin böyük hissəsi birbaşa danışıqlarda qəbul olunmuş sənəd deyil, qarşı tərəfə siyasi təzyiq yaratmaq və daxili auditoriyada güzəşt etməyən tərəf obrazı formalaşdırmaq üçün istifadə olunan çərçivə təsiri bağışlayır. Bu mənada İran öz cəmiyyətinə belə bir mesaj verir: dövlət geri çəkilməyib, masa arxasına məğlub tərəf kimi oturmayıb, əksinə, şərt irəli sürən tərəf olaraq qalıb. Amma hərbi əməliyyatların intensivliyinə, zərbələrin miqyasına və son anda atəşkəsə razılıq verilməsi faktına baxanda, Tehranın müəyyən həddən sonra daha ağır ssenaridən yayınmağa çalışdığı da görünür.

Digər tərəfdən ABŞ-nin özünü “tam qalib” kimi təqdim etməsi də inandırıcı deyil. Əgər Vaşinqtonun əsas məqsədləri İranın regional davranışını tam dəyişmək, onun strateji imkanlarını qırmaq və ya daxildə rejimi sarsıtmaq idisə, bu hədəflərin heç biri tam şəkildə həyata keçmiş görünmür. İran rejimi bütün itkilərə baxmayaraq dağılmayıb, siyasi qərarvermə mərkəzi fəaliyyətini saxlayıb, regional kartlarından tam imtina etdiyini göstərməyib və ən əsası, müharibədən sonra da özünü danışıqların tərəfi kimi saxlaya bilib. Bu isə o deməkdir ki, ABŞ hərbi üstünlük nümayiş etdirsə də, siyasi nəticəni hələlik yekunlaşdırmayıb. Müharibədə taktiki üstünlük qazanmaq başqa şeydir, qarşı tərəfi strateji iradəsindən məhrum etmək isə tamam başqa. Vaşinqton birincini qismən əldə etsə də, ikincisinə nail ola bilməyib.

Bu atəşkəsin formalaşmasında ən mühüm amillərdən biri Hörmüz boğazı ətrafında yaranan vəziyyət oldu. İranın bu boğaz üzərindən yaratdığı təzyiq təkcə regional deyil, qlobal iqtisadi sabitliyə təsir edən alətə çevrildi. Müharibə uzandıqca Vaşinqton üçün məsələ yalnız İranı cəzalandırmaqdan ibarət qalmadı, həm də enerji axınını təhlükəsiz saxlamaq, bazarlardakı panikanı azaltmaq və müttəfiqlərinə iqtisadi sabitlik siqnalı vermək zərurəti yarandı. Bu səbəbdən ABŞ-nin prioritetləri sərtləşmiş hərbi ritorikadan tədricən nəqliyyat xəttinin açıq qalmasını təmin edən siyasi çərçivəyə keçdi. Elə buna görə də atəşkəsin mahiyyətində çox böyük bir prinsip görünür: tərəflər münaqişəni tam həll etmədilər, sadəcə bir-birinin qırmızı xətlərini müvəqqəti şəkildə idarə oluna bilən həddə saldılar. ABŞ üçün boğazın açıq qalması, İran üçün isə rejimin və təzyiq vasitələrinin tam sıradan çıxmaması əsas nəticə oldu.

Məhz bu nöqtədə “qələbə” anlayışının ABŞ və İran üçün eyni məna daşımadığı aydın görünür. ABŞ hərbi-siyasi mədəniyyətində qələbə adətən konkret nəticələrlə ölçülür: qarşı tərəfin imkanlarının məhdudlaşdırılması, siyasi iradəsinin qırılması, şərtlərin qəbul etdirilməsi. İranın teokratik-siyasi sistemi isə qələbəyə daha fərqli yanaşır. Orada rejimin sağ qalması, xarici təzyiqə baxmayaraq təslim görüntüsü verməməsi, müqavimət xəttini ideoloji olaraq qoruması belə qələbə kimi təqdim oluna bilir. Buna görə də eyni atəşkəs sənədi Vaşinqtonda “İranı dayandırdıq”, Tehranda isə “dağıtmadılar, deməli qalib gəldik” kimi şərh olunur. Bu fərqli siyasi psixologiya danışıqların gələcək mərhələsində də əsas rol oynayacaq. Çünki tərəflər eyni mətnə baxıb fərqli siyasi nəticə çıxarırsa, masa arxasında ortaq reallıq qurmaq daha çətin olacaq.

İslamabadda keçirilməsi planlaşdırılan danışıqlar ətrafında yaranan ziddiyyətli xəbərlər də bunu göstərir. İran tərəfinin danışıqların başlanmasını Livanda İsrailin hərbi fəaliyyətinin dayandırılması ilə əlaqələndirməsi bir neçə məna daşıyır. Birincisi, Tehran ABŞ ilə ikitərəfli formatda təcrid olunmuş şəkildə danışmaq istəmir, regional dosyeləri bir-birinə bağlamağa çalışır. Yəni İran üçün məsələ yalnız öz təhlükəsizliyi və ya nüvə mövzusu deyil, bütövlükdə regiondakı güc balansıdır. İkincisi, bu yanaşma Tehranın danışıqlar masasını hərbi təzyiqin birbaşa davamı kimi deyil, regional paket sövdələşməsinin bir hissəsi kimi gördüyünü göstərir. Üçüncüsü, Pakistan paytaxtına nümayəndə heyətinin getməsi barədə yayılan məlumatların dərhal təkzib edilməsi onu göstərir ki, İran hələ danışıqlara zəif görünərək daxil olmaq istəmir. Bu, həm daxili auditoriyaya, həm də xaricə verilən mesajdır: Tehran tələsən tərəf deyil, şərt qoyan tərəf kimi görünmək istəyir.

Trampın Hörmüzlə bağlı son açıqlamaları da atəşkəsin nə qədər kövrək olduğunu ortaya qoyur. Əgər Vaşinqton açıq şəkildə bildirirsə ki, İranın boğazdakı davranışı razılaşmanın ruhuna uyğun deyil, deməli, ortada kağız üzərində atəşkəs olsa da, sahədə etimad yoxdur. Tankerlərdən rüsum alınması iddiası sadəcə texniki və ya ticarət məsələsi deyil. Bu, ABŞ baxımından İranın boğazı yenə də siyasi rıçaq kimi saxladığını göstərir. İran isə məhz bu rıçağı itirmək istəmir, çünki müharibədən sonrakı mərhələdə onun əlində qalan əsas təzyiq alətlərindən biri budur. Yəni atəşkəsin ən həssas nöqtəsi də məhz buradadır: atəş dayansa da, geoiqtisadi qarşıdurma davam edir. Əgər tərəflər Hörmüz üzərində davranış qaydaları barədə minimum anlaşma əldə etməsələr, hərbi toqquşma yenidən başlasa belə, bunun ilk siqnalları əvvəlcə neft və tanker xəttində görünəcək.

Böyük Britaniyanın mövqeyi isə bu qarşıdurmanın artıq yalnız Vaşinqton-Tehran xətti ilə məhdudlaşmadığını göstərir. Londonun müharibəni enerji təhlükəsizliyi baxımından bir dönüş nöqtəsi kimi təqdim etməsi onu göstərir ki, Qərb daxilində də bu böhran təkcə hərbi yox, iqtisadi-strateji çağırış kimi qəbul olunur. Başqa sözlə, İranla müharibə təkcə Yaxın Şərqdə qüvvələr nisbətini yoxlamadı, eyni zamanda Avropa dövlətlərinə bir daha xatırlatdı ki, enerji asılılığı geosiyasi zəiflik yaradır. Ona görə də Qərb üçün bu müharibənin nəticəsi yalnız İranın davranışına deyil, öz enerji modellərinin yenidən qurulmasına da təsir edəcək. Bu da göstərir ki, atəşkəsin nəticələri cəbhə xətti ilə bitmir, o, enerji siyasətinə, nəqliyyat marşrutlarına və müttəfiqlərin uzunmüddətli təhlükəsizlik planlarına da sirayət edir.

İran daxilində yeni liderlik mərkəzindən gələn “biz qalib gəldik” mesajları da ayrı təhlil tələb edir. Belə bəyanatlar hərbi balansın obyektiv təsvirindən çox, hakimiyyətin legitimlik ehtiyacına xidmət edir. Ağır zərbələrdən, dağıntılardan və iqtisadi itkilərdən sonra cəmiyyətə “geri çəkilmədik” mesajı vermək Tehran üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə ali rəhbərlik ətrafında yeni mərhələnin başlandığı bir dövrdə qələbə narrativi hakimiyyətin iç sabitliyi qorumaq alətinə çevrilir. Bununla belə, daxili siyasi istifadəyə yönəlmiş bu ritorika xarici siyasətdə manevr imkanlarını daralda da bilər. Çünki cəmiyyətə tam qələbə kimi təqdim edilən bir vəziyyətdən sonra real danışıqlarda güzəştə getmək daha çətin olur. Tehran üçün əsas dilemma da buradan başlayır: daxildə sərt qələbə dili saxlamaq, amma xaricdə daha çevik diplomatiyaya məcbur qalmaq.

Bütün bunların fonunda ən doğru nəticə budur ki, bu atəşkəsdə klassik mənada qalib tərəf yoxdur, amma hər iki tərəfin öz auditoriyasına satmağa çalışdığı fərqli “qələbə hekayəsi” var. ABŞ daha dağıdıcı ssenarini tamamlaya bilmədən masaya qayıtmalı oldu. İran isə tam çökdürülmədən və rejim dəyişikliyinə sürüklənmədən atəşkəsə çıxa bildi. Deməli, Vaşinqton üçün bu, yarımçıq strateji nəticədir, Tehran üçün isə bahalı, amma ideoloji olaraq satıla bilən sağqalma modelidir. Əsl cavab isə indi başlayacaq diplomatik mərhələdə formalaşacaq. Əgər danışıqlar nəticəsində İranın regional imkanları sistemli şəkildə məhdudlaşdırılsa, ABŞ sonradan bu atəşkəsi öz xeyrinə çevirmiş olacaq. Yox əgər Tehran vaxt qazanıb təzyiq alətlərini qoruyaraq yeni balans qura bilsə, onda onun “məğlub olmadıq, deməli qazandıq” tezisi daha inandırıcı görünəcək. Hazırkı mərhələdə isə demək daha düzgündür ki, müharibə dayansa da, qalibin kim olacağına hələ siyasət qərar verməyib.

Züriyə Qarayeva


SON XƏBƏRLƏR