Azərbaycan Dövlət İmtahan Mərkəzi 1990-cı illərə uzanan təcrübəni institusional baxışla inkişaf etdirərək qısa zamanda regionda nüfuzlu imtahan qurumuna çevrilib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri Türkiyənin Ölçmə, Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM) prezidenti Bayram Ali Ersoy Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransda çıxışı zamanı səsləndirib.
Onun sözlərinə görə, bu prosesdə DİM sədri Məleykə Abbaszadənin rəhbərliyi ilə qurulan şəffaflıq və etibarlılıq prinsipləri mühüm rol oynayıb.
Bayram Ali Ersoy bildirib ki, ÖSYM ilə Azərbaycan arasında əməkdaşlığın tarixi 1990-cı illərə dayanır və bu, təkcə texniki dəstək deyil, ortaq keyfiyyət və peşəkar etimad mühitinin formalaşması deməkdir. Onun sözlərinə görə, ÖSYM artıq 50 ildən çox təcrübəyə malik qurum kimi milyonlarla namizədi əhatə edən etibarlı imtahan sistemləri formalaşdırıb:
“Müasir dövrdə qurum rəqəmsallaşma və dil qiymətləndirilməsi sahəsində yeni yanaşmalar tətbiq edir. Bu çərçivədə dörd bacarığı ölçən yeni nəsil dil imtahanları, o cümlədən kompüter əsaslı İngilis dili imtahanı və “Electronic Test of English Proficiency (ETEP)” kimi sistemlər hazırlanıb.
Prezident həmçinin bildirib ki, “Yabancı dil olaraq Türkçe yeterlilik sınavı” – EYDTYS yaxın zamanda tətbiq olunacaq və bu imtahanın Türk Dövlətləri Təşkilatına üzv ölkələrdə də keçirilməsi planlaşdırılır.
Bayram Ali Ersoy vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq ölçmə standartlarının formalaşdırılması, imtahanların qarşılıqlı tanınması və vahid akkreditasiya sisteminin yaradılması gələcək üçün strateji əhəmiyyət daşıyır.
Onun sözlərinə görə, bu əməkdaşlıq yalnız təhsil sahəsini deyil, tələbələrdən dövlət qulluqçularına qədər geniş bir auditoriyanı əhatə edəcək.
Zeynəb Rzayeva
Bakı 




