• Bakı 12° C

    10.87 m/s

  • USD - 1.7

    EUR - 1.9608

    RUB - 2.1123

Pul alındı, analiz verildi, cavab isə... - Referans Xırdalan Tibb Mərkəzindən ŞİKAYƏT

CƏMİYYƏT

06 Aprel 2026 | 11:47

Pul alındı, analiz verildi, cavab isə... - Referans Xırdalan Tibb Mərkəzindən ŞİKAYƏT

Referans Xırdalan Tibb Mərkəzində analiz verən pasiyent gözlənilməz halla üzləşib.

Bakıvaxtı.az-a daxil olan şikayətə əsasən, pasiyent Gülşən Qurbanova martın 24-də Referans Xırdalan Tibb mərkəzində ümumi qan analizi və trombositlərin mikroskopik sayımı analizlərini verib. Pasiyentin ümumi qan analizi 1 günə çıxaraq gmail ünvanına göndərilsə də, digər analizin 10 gün ərzində hazır olacağı bildirilib.

Bu müddət ərzində pasiyentin səhhəti yaxşı olmadığından başqa özəl xəstəxanada yenidən eyniadlı analiz verib. Həmin xəstəxanada cavab 1 günə hazır olub və həkimi bildirib ki, bu analizin cavabının 10 gün ərzində çıxması doğru yanaşma deyil. Normalda cavab 1 günə hazır olur.

Pasiyent 10 gün tamam olandan sonra Referans Xırdalan Tibb Mərkəzi ilə əlaqə saxlayıb və analizin cavabını soruşub:

“Mərkəzin əməkdaşı mənə bildirdi ki, cavab martın 26-dan hazırdır. Lakin əməkdaşlar cavabı göndərməyi unudub. Bu isə pasiyentə qarşı laqeydlikdir. Analizin ödənişini geri tələb etdim. Çünki göndərəcəkləri cavab artıq gecikmiş sayılır və mənim başlayan müalicəm üçün heç bir əhəmiyyəti qalmır. Mənə bildirdilər ki, analiz götürüldüyündən ödənişi qaytara bilməzlər. Lakin əməkdaş səhvin onlarda olduğunu da etiraf etdi.

Daha sonra mənə bildirildi ki, rəhbərliklə danışıb geri dönüş edəcəklər. Lakin heç bir səs çıxmadı. Yəni, həm analizin cavabını vaxtını göndərməyiblər, həm də onların ucbatından əlavə xərclə üzləşmişəm”.

Şikayətçi onu da qeyd edib ki, Mərkəzin əməkdaşı qismən pasiyenti də günahlandırmağa çalışıb. Bildirib ki, 10 gün ərzində özü xəstəxana ilə əlaqə saxlayıb, analizi yadlarına salmalı idi.

Görünən odur ki, Referans Xırdalan Tibb Mərkəzi pasiyentlərdən analizlərin ödənişini yerində tələb edib ala bilir, ancaq cavabın göndərilməsinə elə də ciddi yanaşmır.

Murad İsmayıl


SON XƏBƏRLƏR