Bəzən insanlar istədiklərinə nail olmaq üçün müxtəlif rituallar edirlər. Məsələn, şam yandırır, tüstü üfürür və s. Bütün bunların dinlə bir əlaqəsi varmı? Ümumiyyətlə, insanların belə ayinlərə maraq göstərməsi nəylə bağlıdır?
İlahiyyatçı Elşad Miri Bakıvaxtı.az-a bildirib ki, bu məsələləri dinlə əlaqələndirmək düzgün deyil. Onun sözlərinə görə, belə bir şeyin, təbii ki, İslam dinində yeri yoxdur: “İslam dini hər hansı bir hal və hərəkətin rituallaşdırılmasına deyil, ibadətlərin mahiyyətlərinin dərk edilməsinə, məqsədin nə olduğuna baxır. Elə olduğu zaman insanların sadəcə əyilib-qalxmaqdan ibarət olan davranışlarını müşahidə edərik. Bunun özü də doğru deyil. İslam dini ritual dini deyil, anlayış, qavrama və inandığını həyata keçirmə dinidir”.
Psixoloq-psixorerapevt Elmir Əkbər Bakıvaxtı.az-a deyib ki, son dövrlərdə rutuallar üçün istifadə olunan əşyaların satışının artması insanlarda təşviş-həyəcan pozuntularının çoxalması ilə bağlıdır: “Ələlxüsus da, karantindən sonra insanların sabaha ümidləri zəifləyib. Bunun üçün onlar bu həyəcan və qorxuya qalib gəlmək üçün belə arxaik metodlara üz tuturlar. Bununla paralel bunun tibbi ekvivalenti olan obsessiv-kompulsiv pozuntu da hədsiz dərəcədə artıb. Bu, müalicəsi uzun zaman tələb edən ciddi bir haldır”.
Müsahibimiz hesab edir ki, şam yandırmaq, tüstü üfürmək cəhalətdən, keçmişdən qalma arxaik cahillik dövrünün nadan davranışıdır: “Yaxşı olar ki, insanlar onları narahat edən müxtəlif məsələlərə, həmçinin həyəcan, təşviş və qorxularına müasir elmi, psixoterapevtik üsullarla qalib gəlsinlər. Çünki ritualların ardınca gedən insan problemini həll etmir, hətta rituala ümid olaraq zaman itirir. Bu hallar ağırlaşdıqca müalicəsi də çətinləşir. Məsələn, karma, çakra, kvantun, koç və s. bunlar hamısı müasir dələduzluğun müxtəlif adlarıdır. Ona görə də, akademik elmə, klinik psixoloqlara, həmin psixoterapevtlərə müraciət etsinlər”.
Psixoloq Nizami Orucovun Bakıvaxt.az-a dediyinə görə, insan bəzən istədiklərini əldə etmək üçün müxtəlif ayinlər edirlər.i Bu ayinlərə marağın hədsiz olduğunu görənlər yeni-yeni rituallar kəşf edir və bunu digərlərinə də tanıdırlar.
"Şamlar və tütsülər insanın sinir sisteminə sakitləşdirici təsir göstərir və necə deyərlər, bu ritualları daha da sehirli hala gətirir. Bu şamların satışı isə işin marketinq tərəfidir. Aydın məsələdir ki, təlabat yarandıqca satışlar da artır. İnsanlar öz məqsədlərinə çatmaq üçün hansısa addımlar atmaq əvəzinə rituallar edib nəyinsə dəyişəcəyini gözləyirlər”, - deyə psixoloq əlavə edib.
Aytac Aslan