Yaxın Şərqdəki yeni hərbi böhran yalnız region ölkələrini deyil, qlobal gücləri də strateji seçim qarşısında qoyub. Xüsusilə Çin və Rusiya üçün bu münaqişə, artıq təkcə diplomatik narahatlıq deyil, birbaşa geoiqtisadi və geosiyasi təhdidə çevrilməkdədir.
Çin uzun illərdir ki, xarici siyasətində müdaxiləçilikdən uzaq duraraq əsasən iqtisadi ekspansiya strategiyası yürüdürdü. Lakin “Kəmər və Yol” təşəbbüsü, Orta Şərqdə enerji asılılığı və İranla bağlanan çoxsahəli razılaşmalar, Pekini bu regionda daha aktiv və həssas mövqe tutmağa məcbur edir. İran neftinin Çinin enerji balansındakı payı kifayət qədər böyükdür - bu asılılıq, hərbi eskalasiya fonunda Pekini təzyiq altında saxlayır.
Digər tərəfdən, Rusiya da eyni bölgədə maraqlı aktordur. Moskva üçün İran - yalnız strateji tərəfdaş deyil, həm də Qərblə münasibətlərində mühüm bazarlıq alətidir. Lakin hazırkı vəziyyət göstərir ki, nə Çin, nə də Rusiya İsrailin hücumlarını dayandıra biləcək konkret siyasi və hərbi təsir mexanizminə malikdir. Ən yaxşı halda, bu güclər BMT kimi beynəlxalq platformalarda qınama sənədləri irəli sürə bilər. Amma bu cür diplomatik üsulların praktik təsir imkanlarının az olduğu artıq dəfələrlə sübuta yetib.
Daha önəmlisi, Pekin artıq geoiqtisadi planlarını risk altında görür. Münaqişənin genişlənməsi İranın enerji infrastrukturuna ciddi zərbə vura bilər və bu, Çinin həm daxili enerji təchizatı, həm də beynəlxalq enerji ticarəti strategiyasını yenidən qurmasını tələb edir. Bu isə nəinki maliyyə itkiləri, həm də yeni enerji tranzit yollarının axtarışı deməkdir. Bütün bunlar Pekini aktiv mövqe tutmağa vadar edir.
ABŞ-nin bu ssenaridə İsrailə dəstək verməsi isə həm Pekin, həm də Moskvanın tərəfdaşlıq arxitekturasını zəiflədir. Çin İsrailə birbaşa təzyiq edə bilmədiyi üçün bu məsuliyyəti Vaşinqtonun üzərinə yönəltməyə çalışır. Çinin çağırışları açıq şəkildə bildirir ki, o, ABŞ-dən “tənzimləyici supergüc” kimi davranmasını gözləyir - lakin bu, reallıqdan çox diplomatik ritorikadır.
Əldə olan mənzərə göstərir ki, İsrail-İran gərginliyi təkcə regionun deyil, böyük güclər arasında qarşılıqlı asılılıq zəncirinin də sınağa çəkilməsidir. Və bu sınaqdan ən çox narahat olanlar - çoxşaxəli geoiqtisadi planlar quran, lakin hərbi təsir imkanları məhdud olan aktorlardır.
Züriyə Qarayeva