• Bakı 13° C

    7.2 m/s

  • USD - 1.7

    EUR - 1.8462

    RUB - 0.0178

ABŞ-Azərbaycan münasibətləri: Bəzi qüvvələr əlaqələrin korlanmasına yönəlik təşəbbüslər göstərirlər

SİYASƏT

21 Oktyabr 2024 | 15:30

ABŞ-Azərbaycan münasibətləri: Bəzi qüvvələr əlaqələrin korlanmasına yönəlik təşəbbüslər göstərirlər

ABŞ Prezidentinin köməkçisinin Azərbaycana səfəri və dövlət başçısı tərəfindən qəbul olunması ikitərəfli münasibətlərin həssaslığından xəbər verir.

Bunu Bakıvaxtı.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.

Onun sözlərinə görə, belə səfərlər və görüşlər də göstərir ki, ABŞ Azərbaycanla əlaqələrin korlanmasında, tamamilə sıradan çıxarılmasında maraqlı deyil:

"Əgər Vaşinqton Bakı ilə əlaqələrdə maraqlı olmasaydı, bir neçə gün əvvəl Dövlət Departamentinin Avrasiya üzrə köməkçisini Azərbaycana göndərməzdi. Eyni zamanda Dövlət katibi Antoni Blinken tez-tez dövlət başçısı İlham Əliyevə zəng etməzdi”.

Müsahibimiz qeyd edib ki, bəzən ABŞ-Azərbaycan münasibətlərinin pozulmasında maraqlı olan qüvvələr iki ölkə arasındakı kiçik problemləri məqsədli şəkildə şişirdir, ikili əlaqələrin korlanmasına yönəlik təşəbbüslər göstərirlər. T.Rzayev qeyd edib ki, əlbəttə, ABŞ və Azərbaycanı bir-birinə düşmən ölkələr kimi təqdim etmək tamamilə absurddur:

“Aydın məsələdir ki, tərəflərin fikir ayrılıqları var. Çünki hər iki ölkənin fərqli maraqları mövcuddur. Bəzi hallarda ABŞ-nin maraqları Azərbaycanın maraqları ilə üst-üstə düşsə də, digər vəziyyətlərdə ortaq mövqeyə gəlmək mümkün olmur. Biz ilk növbədə üst-üstə düşən məqamları qabartmalıyıq. Həmçinin, öz mövqelərimizi müdafiə etməliyik".

Turab Rzayev: Böyük siyasətdə ABŞ kimi ölkələrlə qarşıdurmaya getmək heç də müsbət qarşılanmır

Dediyinə görə, prezident də amerikalı qonaqları qəbul edərkən vurğulayır ki, Azərbaycan da ABŞ kimi bölgədə sülhün, sabitliyin təmin olunmasını istəyir və bu yöndə addımlar atır:

"Bununla yanaşı, Bakı öz arqumentlərini ortaya qoyur, haqlı tələblərini irəli sürür. Eyni zamanda qeyd olunur ki, Azərbaycanın sülhlə bağlı sənədinə 70 gündən sonra cavab verən Ermənistanın sülh istəyi şübhəlidir. İrəvan bu məsələdə əsassız olaraq Azərbaycanı günahlandırır. Prosesi yubadan əslində Ermənistan tərəfidir. ABŞ Ermənistana çağırış etməlidir. Azərbaycanın mövqeyi strateji və doğrudur. Təbii ki, ABŞ ilə münasibətləri normallaşdırmalıyıq. Böyük siyasətdə ABŞ kimi ölkələrlə birbaşa konfliktə, qarşıdurmaya getmək heç də müsbət qarşılanmır. Bakı öz haqlı mövqelərini qorumaqla bərabər ABŞ ilə əməkdaşlığı davam etdirməlidir".

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezident İlham Əliyev ABŞ Prezidentinin xüsusi köməkçisi və Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenteri qəbul edib.

Maykl Karpenter ABŞ-ın Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəklədiyini vurğulayaraq, sülh müqaviləsinin imzalanması üçün hazırkı şəraitdə tarixi imkanların olduğunu deyib. Sülh müqaviləsinin imzalanması ilə regional əməkdaşlıq üçün geniş imkanların yaranacağını vurğulayan qonaq bildirib ki, ABŞ-ın bu prosesin irəli aparılmasında qəti dəstəyi var.

Sülh müqaviləsinin və onun əsasını təşkil edən beş prinsipin təşəbbüskarının məhz Azərbaycan olduğunu deyən dövlət başçısı İlham Əliyev vurğulayıb ki, ölkəmiz regional sülh gündəliyini dəstəkləyir.

Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli gündəliyə aid olan məsələlər barədə də fikir mübadiləsi aparılıb.

Aydın Baxış


SON XƏBƏRLƏR

21 Oktyabr 2024