Novruz tətili başa çatıb.
Bakıvaxtı.az xatırladır ki, martın 20-dən 27-dək Azərbaycanda qeyri-iş günləri olub.
7 günü əhatə edən bu tətildən sonra insanlar işlərinə qaldıqları yerdən davam edirlər. Hər şeyi öz istəklərinə görə planlaşdıran insanlar müəyyən aradan sonra iş rejiminə adaptasiya olmaqda çətinlik çəkirlər.
Tətil sonrası adaptasiya problemi yaşamamaq üçün nəyə diqqət etməliyik?

Vəfa Rəşidova: İnsanlar özlərinə zaman ayırmır
Psixoloq Vəfa Rəşidova Bakıvaxtı.az-a bildirib ki, bu, tək iş ilə bağlı məsələ deyil. Onun sözlərinə görə. universitet həyatına, dərslərə, məktəbə xüsusən də, işə qarşı adaptasiya çətin olur və tətildən sonra işə adaptasiya olmaq bir qədər psixoloji problemdir. Adaptasiya çətin olduqda, insanlar gərgin olur, bu da onların həyatına təsir göstərir.
İnsanların özlərinə vaxt ayırmadığını, tətilin yalnız bayram tətillərindən ibarət olduğunu düşündüyünü deyən psixoloq, buna görə də onların işə adaptasiyalarında çətinlik yaşadağını vurğulayıb:
“Hər bir insanın həftə sonu və ya həftə arası tətili olmalıdır. Məsələn, dincəlmək saatı, dincəlmək günü. İşdən sonra olsa belə, bunu özündə oturuşdurmalıdır ki, tətilə çıxanda hiper hisslər yaşamasın və tətil qeyri-adi bir şey kimi gəlməsin. Çünki o, artıq az da olsa, qısa da olsa özü üçün zaman ayırıb tətil edib”.
V.Rəşidovaya görə, hər bir insanın işdən sonra çıxıb dincələ biləcəyi bir yer olmalıdır ki, tətil onun üçün əlçatmaz vəziyyət olmasın və ona bağlı qalmasınlar:
“Yəni sanki tətil sizi idarə edir, siz tətili deyil, tətil sizi yaşayır, siz tətili deyil. Belə bir durum insanın işində adaptasıyasına böyük bir əngəl olur”.
İş şərtlərinin fərqli olduğunu söyləyən müsahibimizə gğrə, elə bir şərtlər ola bilər, tutaq ki, işdə tətilə ehtiyac olmayacaq və yaxud şirkət tətil verməyəcək:
“Buna görə də insanlar özləri özlərinin qayğısına qalmalıdır. Günün sonunu, gününü gözəlləşdirməli, qısa-qısa tətillər etməlidir ki, sabah belə durumlar yaşanmasın. O zaman adaptasiya problemi olmayacaq”.
Mina Mikayılova
















