“Avropa İttifaqı missiyası ilə müxtəlif mülahizələrin, iddiaların ortaya çıxması təbiidir, çünki həmin qruplaşmanın orada nə işlə məşğul olduğu dəqiq bilinmir”.
Bunu Bakıvaxtı.az-a politoloq İlqar Vəlizadə Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları toplaması barədə deyilənlərə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, Avropa İttifaqının missiyasının funksiyaları bəlli deyil:
"Missiya müxtəlif keçmiş hərbçilərdən ibarətdir. Böyük hissəsi Fransa hərbçilərindən, yaxud keçmiş təhlükəsizlik xidmətlərində fəaliyyət göstərmiş əməkdaşlardan təşkil olunub. Ona görə Aİ missiyasında yer alan şəxslərin zaman-zaman casusluq funksiyasını da icra etməsi ehtimalları gündəmdədir. Hər halda bunu istisna etmək olmaz. Reallıqda Aİ missiyasının Azərbaycan-Ermənistan hansı funksiyanı həyata keçirdiyini dəqiq bilən varmı? Yoxdur. Məsələn, bölgədə baş verənlərlə bağlı informasiya topladıqları deyilir”.

İlqar Vəlizadə, politoloq
Müsahibimiz qeyd edib ki, baş verənlərlə bağlı topladıqları məlumatları hansı şəkildə tərtib etdikləri, hara, hansı ölkələrə göndərdikləri haqda açıqlama, izahat vermirlər.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Aİ-nin Ermənistandakı müşahidə missiyasının Azərbaycan, İran və Rusiya əleyhinə kəşfiyyat məlumatları topladığını bildirib. Dediyinə görə, Vaşinqton və onun müttəfiqləri istənilən addımı atmağa, o cümlədən marionet hökumətlər vasitəsilə Rusiyanın ətrafında münaqişə ocaqlarını qızışdırmağa hazırdır. Səfir belə müdaxilələrə misal olaraq, Aİ-nin Ermənistandakı müşahidə missiyasını göstərib:
“Kanadadan da bir “ekspert”in qoşulması ilə bu missiya faktiki olaraq NATO-nun şübhəli məqsədləri olan əməliyyatına çevrildi. Missiyanın Qərbin hibrid müharibəsinin aləti olması onun məxfiliyini və ya nə Ermənistanın, nə də Azərbaycanın nəzarətində olmadığını təsdiqləyir. Əslində, bu missiya Azərbaycan, İran və Rusiya Federasiyasına qarşı kəşfiyyat məlumatları toplayır”.
Yevdokimov əlavə edib ki, Qərbin Cənubi Qafqazda əsas vəzifələri Rusiyanı sıxışdırıb çıxarmaq, eləcə də Avrasiyadakı inteqrasiya proseslərinə zərbə vurmaqdır.
“Qərbin müxtəlif ölkələrin və regionların daxili işlərinə qarışması heç vaxt sülh yolu ilə nizamlanmaya gətirib çıxarmayıb. Onların Cənubi Qafqazda əsas vəzifələri uzunmüddətli və davamlı sülhə nail olmaq deyil, Rusiya Federasiyasını sıxışdırıb çıxarmaq, regionumuzda süni bölücü xətlər yaratmaq və son nəticədə Avrasiyada inteqrasiya proseslərinə xələl gətirməkdir”.
Aydın Baxış





jpg-1727860840.webp)






jpg-1727852719.webp)



