Almaniyanın müdafiə naziri Boris Pistorius Ukrayna müdafiə sənayesi ilə birgə 300 milyon avro dəyərində uzaqmənzilli pilotsuz təyyarələrin alınmasına dair yeni təşəbbüsə start verildiyini açıqlayıb.
Bakıvaxtı.az-ın “European Pravda”ya istinadən verdiyi xəbərə görə, nazir bu barədə sentyabrın 9-da Londonda keçirilən “Rammstein” formatlı görüşün əvvəlində danışıb.
Pistorius bildirib ki, Almaniya Ukraynanın arxa cəbhədə Rusiyanın hərbi potensialını zəiflətmək imkanlarını genişləndirmək üçün müdafiəni gücləndirir.
O, əlavə edib ki, rəsmi Berlin Ukrayna müdafiə sənayesi ilə birgə uzun mənzilli pilotsuz təyyarələrin alınmasına dəstəyi artıracaq yeni “dərin zərbə” təşəbbüsünü elan edib.
Nazir əlavə edib ki, bu təşəbbüs çərçivəsində Ukrayna müəssisələri ilə ümumilikdə 300 milyon avro dəyərində bir neçə müqavilə imzalanacaq. Müqavilələr çərçivəsində Ukrayna istehsalı olan minlərlə çevik və uzaqmənzilli dronun tədarükü nəzərdə tutulur.
Almaniya Müdafiə Nazirliyinin rəhbəri əlavə edib ki, ölkəsi Ukraynanı Rusiyanın təcavüzünə qarşı mübarizədə dəstəkləyir və onun güc mövqeyi qazanmasına yardım edir.